Doğru tutulmayınca oğru tutulmaz. Bu dəfə doğru da, oğru da tutuldu, həm də vaxt keçmədən. Dələduz qadının çantasını qaçırdı, içindəkilərə baxmağa fürsət tapmamış polis əməkdaşları tərəfindən yaxalandı.
İki gün əvvəl Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. Xanım dərhal yaxınlıqdakı yol polisi əməkdaşlarına hadisə barədə məlumat verib və onlardan kömək istəyib. Ərazidə xidmət aparan Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları - baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək soyğunçuluq edən şəxsi təqib etməyə başlayıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanıb, ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla onun Bakı şəhər sakini Nizami Ağəliyev olduğu aydınlaşıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davan etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 557