Əksər valideynlər nəqliyyatda uşaqların təhlükəsizliyinə biganə yanaşır. Ölkə Xəbərin obyektivinə tuş gələn körpələr bunu deməyə əsas verir.
Görüntülərdə guya uşaq arxadadır. Əlbəttə, buna arxada demək olarsa. Əslində isə qabaq oturacaqların arasında ayaq üstə dayanıb.
Hacı Həsənov – Gəncə Şəhər Baş Polis İdarəsinin İnspektoru: “Belə hala da icazə yoxdur. Arxa oturacaqda uşaq otura bilər, sadəcə böyüklər müşaiyət etməli və arxa hissədən önə keçməsinə yol verilməməlidir”.
Qucağında körpə uşaqla sükan arxasında oturan sürücüyə, qabaq oturacaqda ayaq üstə duran, qolunu və ya başını pəncərədən çıxaran, öndəki oturacaqda qucaqda əyləşən uşaqlara addımbaşı rast gəlmək olur.
Hacı Həsənov – Gəncə Şəhər Baş Polis İdarəsinin İnspektoru: “12 yaşdan kiçik uşaqların xüsusi qurğu olmadan minik avtomobilinin qabaq oturacağında, habelə motosokletlərin arxa oturacağında əyləşdirilməsi qadağandır. Həmin qaydanı pozan sürücülər üçün ... 60 manat cərimə və 3 bal nəzərdə tutulub”.
Heç taksi xidmətlərində də uşaqlar üçün xüsusi oturacaqlara rast gəlinmir. Halbuki, avtomobillərdəki təhlükəsizlik kəmərləri, hava yastıqları böyüklərə hesablandığından qəza zamanı uşaqların böğulmasına səbəb ola bilər. Xüsusi oturacaqlar isə uşaqların anatomik və ortopedik göstəricilərinə uyğundur.
Bu gün yük avtomobillərinin bortunda, hətta qazel tipli ictimai nəqliyyat vasitələrin qabaq oturacaqlarında da azyaşlılara yer verilir. Bu da təhlükəsizlik qaydasının kobud şəkildə pozulmasıdır. Bu ilin birinci yarısında qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı 57 fakt azalsa da, həmin qəzalarda ölənlərin sayı ötən illə müqayisədə 11 fakt artaraq 315 nəfər olub. Hansı ki, onların içində uşaqlar da var.
Xəyalə Mürsəl
- Baxış: 663