Abşeron rayonunda “ağ ölüm” yayan şəxs saxlanılıb. Kirayədə yaşadığı mənzildə İrandan gətirilən müxtəlif növ narkotik vasitələri satan kişi elə iş başındaca yaxalanıb.
Xırdalan şəhərindəki yaşayış komplekslərindən birində özünə kirayə ev tutan 32 yaşlı Rüfət Babayev mənzili bir növ topdansatış məntəqəsinə çevirib. Aparılan istintaqla müəyyən edilib ki, o, ayda bir dəfə Lənkərana gedərək, tanıdığı İran vətəndaşından müxtəlif növ narkotik vasitələri alıb və Bakıya gətirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının Rüfət Babayevdən götürdükləri narkotik vasitələr arasında metamfetamin də var. İstifadəçilər arasında "şüşə" adlandırılan və toz halında olan narkotik vasitəni saxlanılan şəxs qablaşdırıb, 34 bükümünü hər biri 40 manatdan olmaqla satıb. Digər hissəsini satmağa isə polis imkan verməyib.
Saxlanılan zaman Baabayevin yaşadığı mənzildən 53 qram tiryək, 21 qr marixuana və 12 ədəd ekstazi həbi də aşkar olunub. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 621