Gəncə-Şəmkir yolunda, Göygöl rayonunun Quşqara kəndi ərazisində avtoqəza baş verib. Şəmkir istiqamətində hərəkətdə olan “VAZ 21011” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn “VAZ 2107” ilə toqquşub. Hər iki nəqliyyat vasitəsi yararsı hala düşüb, zərbənin gücündən avtomobillərin ehtiyat hissələri ətrafa səpələnib. Hadisə zamanı sürücülər - Daşkəsən rayon sakini, 29 yaşlı Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 47 yaşlı Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 48 yaşlı Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri – 60 yaşlı Şərqiyyə Hüseynova və 68 yaşlı Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Daha bir qəza Göygöl rayonunun Heydər Əliyev prospektində olub.Şəmkir rayon sakini, 64 yaşlı Vəkil Vəliyevin idarə etdiyi “Mercedes” ilə Gəncə şəhər sakini, 45 yaşlı Mahir Qasımovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil toqquşub. “VAZ”da olan 22 yaşlı Əfsanə Allahverdiyeva, 33 yaşlı Aynura İsmayılova və onun 6 yaşlı övladı Gülmira müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə rayonun Xaldan qəsəbəsində baş verib. Xaldan–Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Bakı-Qazax magistralının Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində isə soğan yükü ilə dolu olan “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı yük maşının içərisində olan soğan ətrafa dağılıb. Hadisə nəticəsində sürücü, Gəncə sakini, 51 yaşlı Qərib Əliyev və onun sərnişini xəsarət alıb. Yaralılar Gəncə şəhər TTYX-na aparılıblar.
Yol-nəqliyyat hadisəsinin növbəti ünvanı Gəncə olub. 20 yaşlı Royal Yusibov şəhərin Yeni Gəncə yaşayış massivi, 28 may küçəsində VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı şam ağacına çırpılıb. Avtomobil tamamilə yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü xəsarətsiz ötüşüb.
Bütün faktlarla bağlı araşdırmalar davam edir.
- Baxış: 974