Yay mövsümündə iri və xırda buynuzlu heyvanları xəstəliklərdən qorumaq məqsədi ilə baytarlar profilatiki tədbirləri davam etdirir. Göygöldə də mal-qara peyvənd edilərək təsərrüfatlar dezinfeksiya olunur.
Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yerli baytarlıq idarələrinə verilən dərman preparatlarının istifadəsi və saxlanılmasına nəzarət gücləndirilib. Göygöldə də sahə baytar həkimləri ilə profilaktik söhbətlər aparılıb, müvafiq təlimatlar verilib. Dərman preparatları istər baytarlıq idarəsində, istərsə də sahə məntəqələrində temperatur rejiminə uyğun olaraq soyuducularda saxlanılır və istifadəsi yalnız baytarlar tərəfindən həyata keçirilir.
Oqtay Həmidov- Göygöl rayon Baytarlıq İdarəsinin rəisi: “Vaksinlərin və xüsusi temperatur rejim tələb edən dərmanların saxlanılması, daşınması və istifadəsi zamanı soyuq zəncir prinsipinə tam əməl olunur. Bundan əlavə dövlət vəsaiti hesabına alınan dərmanların istifadəsində şəffaflığı təmin etmək üçün 2017- ci ildən etibarən dərmanların üzərində qırmızı hərflərlə satıla bilməz sözləri yazılıb”.
Hazırda baytar həkimləri 163 min baş xırda davarlara çiçək əleyhinə, 386 min 100 baş ev quşlarında isə Nyukasl xəstəliyinə qarşı peyvəndləmə aparır. Əksər təsərrüfatlarda kompaniya başa çatdırılıb.
Yunis Hüseynov- təsərrüfat işçisi: “Heyvanlar arasında heç bir yolxucu xəstəlik müşahidə olunmayıb. Göygöl rayon Baytarlıq İdarəsinin həkimləri daim təsərrüfatda profilaktik tədbirlər aparır. Ət və süd istehsalında artım müşahidə olunur”.
Göygöl rayon Baytarlıq İdarəsinin həkimləri iri buynuzlu heyvanların saxlanıldığı təsərrüfatları dezinfeksiya etməklə yanaşı mal-qaranın yuyulmasını da həyata keçirir. Məqsəd heyvanları müxtəlif xəstəliklərdən qorumaqdır.
Kazım Kazımov- baytar həkimi: “İstər ərazidə, istərsə də bu təsərrüfatda epizootik durum sabitdir. Heç bir yolxucu xəstəliklər müşahidə olunmur. Tədbirlərimiz davam etdirilir”.
Göygöl rayonunda 22 min baş iri buynuzlu heyvan bəslənilir. 13 baytar sahə məntəqəsinin həkimləri rayonda epizootik vəziyyətin stabil saxlanılmasına nəzarət edir.
Natiq Hüseyn
- Baxış: 1127