• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 17.06.2017 16:40

Mal-qara bazarında qiymətlər “əl yandırır”

KepezTV Player

Yemin və otun təsərrüfatçılar tərəfindən baha qiymətə əldə edilməsi bazara çıxarılan iri və xırda buynuzlu heyvanların satışına təsirsiz ötüşməyib. Qiymətin alıcılar üçün məqbul olmaması satıcıların da ürəyincə deyil.

Sübhan Məmmədov- satıcı: “Orta hesabla ət olmalıdır 8 manat, ancaq mağazaya girirsən hər şey bahadır. Biz də məcbur olub buna görə baha veririk. Otun bağlamasını alırıq 4 manata, 5 manata. Bu dəqiqə yerində hər şey bahadır. Ona görə də məcbur oluruq heyvanı baha satmağa”. 

Qiymətin baha olması heyvan bazarında durğunluğa səbəb olub. Yaranan alıcı qıtlığı bazara çıxarılan heyvanın satıcının əlində qalması ilə nəticələnir.

Qabil İmamverdiyev- satıcı: “Yem bahadı, ot bahadı, ona görə də heyvanın qiyməti bahadır. Diri heyvan ətinin kilosunu 10 manatdan götürürlər. Həmişə adətən bu vaxtlar ucuz olurdu, amma bu il ucuzlaşmadı”.

Aqil Əlişov- satıcı: “10 baş quzu gətirmişdim, ondan birini satmışam. Alıcı yoxdur, çox zəiflikdi. Quzu çoxdu, alıcı yoxdu”.

Natiq Əsgərov- satıcı: “Heyvan gətirmişik səhər tezdən hələ birdənə də siftə etməmişik. Heyvana baxırsan, amma alıcısı yoxdur”.

Mövcud vəziyyət satıcılar kimi alıcıları da razı salmır. Bazarda təkəmseyrək gözə dəyən alıcılar qiymətin əl yandırdığından şikayət edirlər.

Qabil Novruzov- alıcı: “Bu hardasa 13 kiloluq heyvandır, 110 manata almaq istəyirəm vermir”.

İsmayıl Seyidov- alıcı: “ Qiymətlər çox bahadır. Gəlmişik qurbanlıq almağa, çox baha deyirlər 120, 130 manata, ala bilmədik”.

Yaşadığımız Ramazan ayı, eləcə də qarşıdan Qurban bayramının gəldiyini nəzərə alan mütəxəssislər bazara çıxarılan heyvanların hələ bir müddət mövcud qiymətə satılacağını deyirlər.

Elton Cabbarlı