Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində qəza qeydə alınıb. "VAZ-2106" markalı avtomobillə “Mercedes” toqquşub. Hadisə nəticəsində “Vaz”-da olan sərnişinlərdən 55 yaşlı Mərziyyə Məmmədova, gəlini 33 yaşlı Təranə Məmmədova, onun 3 övladı- 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük körpə Rəsul müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər. Mərziyyə və Təranə Məmmədovaya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Uşaqlar isə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına yerləşdiriliblər. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-ci km-də, Şamaxı rayonunda da yol qəzası qeydə alınıb. Xaçmaz rayon sakini 54 yaşlı Zülfüqar Baratov “Daewoo” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə qarşı yola çıxaraq 2 avtomobillə toqquşub. Qəza nəticəsində “Daewoo”nun sərnişinləri 13 yaşlı Rövşən Yusifov, 27 yaşlı İradə Mustafa və 61 yaşlı Məhərrəm Mustafa müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şəkinin M. Rəsulzadə prospektində Ağdaş rayonunun Şəkili kənd sakini Elgiz Eyyubovun idarə etdiyi “Vaz 2106” markalı avtomobil “Mersedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Vaz 2106” markalı avtomobilin sürücüsü Elgiz Eyyubov xəsarət alıb. Daşkəsən sakinini maşın vurub. 45 yaşlı Xəyyam Əsgərov bədənin müxtəlif hissələrinin xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə, ağır dərəcədə sərxoş olan Xəyyamı avtomobil Bakı-Qazax magistralında vurub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 496