• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 08.06.2017 15:59

Təhsilin keyfiyyətinin yüksəldilməsi məktəblərdə sınaq-təcrübə işlərinin təkmilləşdirilməsini tələb edir

KepezTV Player

Məktəblərdə tədris olunan dərslərin keyfiyyətini yüksəltməyin bir yolu da sınaq-təcrübə işlərinin aparılmasıdır. Ancaq təəssüf ki, hazırda əyani vəsaitlərin yetərli sayda olmaması, xüsusilə məktəblərin ixtiyarında olan təcrübə sahələrinin ləğv olunması bu işi bir qədər çətinləşdirir.

İrşad Abbasov- müstəqil ekspert: “Sovet hakimiyyəti illərində hər bir məktəbin özünün məktəbyanı sahəsi vardı. O sahədə məhsulları yetişdirmək mümkün idi. Ancaq təəssüf ki, bu gün bütün məktəblərin məktəbyanı sahələri ləğv olunub. Bu məhsulları birbaşa tədris təcrübə sahəsində yetişdirsələr daha yaxşı olar, məktəblilərin ekoloji ruhda tərbiyəsində mühüm rol oynayar”.  

Mütəxəssis deyir ki, bir vaxtlar şagirdlər hətta mövzuya uyğun müəssisələrə aparılır, nəzəri biliklər praktiki olaraq mənimsənilirdi. İndi tədris-təcrübə sahələrinin yoxluğu bir yana bəzi məktəblər texnoloji avadanlıqlar və vasitələr baxımından korluq çəkir. Bu da özünü daha çox təcrübə xarakterli dərslərin tədrisində büruzə verir. 

Vəfa Paşayeva- biologiya-kimya müəllimi: “Göstərdiklərimiz açıq havada olsa, məktəbin həyətində göstərsək daha əlverişli olardı. Uşaqlar torpaqla birbaşa əlaqə yaradardırlar. Bu işdə irəliləyiş etməkdən ötrü məktəbin həyətində ağac əkmək, ştil əkmək, ştil becərmək, uşaqların özləri bunu edib sulayarlarsa daha yaxşı olar. Bunun üçün həmin ərazi gərək su ilə də təchiz olunsun. Əldə olunan məhsulu özləri istifadə edəndə daha da fərəhlənərlər”.
 

Tədris prosesində əyaniliyin tətbiqi mövzunun qavranılması və sinifdə məhsuldarlıq göstəricisinin yüksəlməsinə təsir edir. 

Şölə Seyidova- 6-cı sinif şagirdi: “Müəlliməmiz dərsi bizə izah edəndə, onu əyani vəsaitlə göstərəndə biz daha yaxşı başa düşürük. Ancaq kitabda görəndə yaxşı yadımızda saxlaya bilmirik. Ona görə biz istəyirik ki, bizim əlimizdə biz başa düşdüyümüz vəsaitlərin hamısı olsun”.
 

Röyal Məmmədov- 8-ci sinif şagirdi: “Hər şeyi canlı göstərəndə, əyani vəsaitlərlə göstərəndə demək olar hər şey yadımızda qalır. Ancaq elə olur ki, əyani vəsaitlər olmur. Buna görə də biz internet, ya da şəkillərdən öyrənirik”.

Təcrübə - ən yaxşı müəllimdir”. Təhsilin keyfiyyəti isə sırf bu yoldan keçir. Gəncə şəhər Təhsil İdarəsindən təmir edilən bütün məktəblərin tədris-təcrübə vasitələri ilə təmin edildiyi açıqlaması verildi. 46 məktəbdən 9-u da yeniləndikdən sonra lazımi təchizat həyata keçiriləcək.

 

Jalə Qurbanova