Bir müddət əvvəl Çindən Azərbaycana gətirilərək ölkədə təsərrüfatlara paylanılan barama qurdunun bir neçə gündən sonra fermerlərdən məhsul formasında yığımına start veriləcək. Goranboy rayonunda bəslənilən barama qurdları da son mərhələdə baxımdadılar.
Goranboyda baramaçılıq ənənəsini yaşatmaq üçün bu il rayona 1009 qram olmaqla 100 qutuda barama qurdu toxumu gətirilib və bu yöndə ixtisaslı olan 29 inzibatı ərazi üzrə 35 təsərrüfata paylanılıb. Yerli baramadan fərqli olaraq 28-30 gün ərzində yetişərək pup toxuma mərhələsinə qədəm qoyan ipək qurdu kimi tanınan tırtıl bir neçə gündən sonra yığılaraq tədarükçülərə təhvil veriləcəkdir. Şəki İpək Kombinatı ilə bağlanılan müqaviləyə əsasən keyfiyyətli barama puplarının bir kiloqramı fermerlərdən 4 manata alınacaqdır. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baramaçılıqla məşğul olanlara subsidiya da veriləcəkdir. Ancaq çəkilən əziyyətin qarşılığında təklif olunan qiymət heç də baramaçılıqla məşğul olan fermerlərin ürəyincə deyil.
Akif Həsənov- fermer: “Ancaq bizə elə deməmişdilər, dedilər ki, məhsulu kiloqramı 15 manata alınacaqdır. İndi də 9 manat təklif edirlər, bu da çəkilən əziyyətə dəyməz. Bir aydan çoxdur ki, ailəmlə burda işləyirik. Barama qurdlarını da qış ayları idi gətirib bizə verəndə, onun istiliyini yaratmaq üçün də xeyli işlər gördük”.
Rafiq Gülməmmədov- fermer: “Baramaya qulluq zamanı bizim bir sıxıntımız oldu, o da qurdun yem bazasının bizə yaxın olmamasıdır. Məcbur olub tut yarpağını başqa kəndlərin ərazisindən gətirməli olurduq. Gələcəkdə baramanın yem bazası yaxında təşkil olunarsa mən bir qutu götürmüşdümsə, gələn mövsüm üçün 2-3 qutuda götürüb baxmağa hazıram”.
Baramanın qiymətinin fermerlər üçün qaneedici olmaması və qurdun yem bazasının qıtlığı ilə razılaşmayan Goranboy rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Əhmədov məsələyə bu cür aydınlıq gətirib.
Ziyad Əhmədov- Goranboy rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Baramanını hər kiloqramı üçün 4 manat, dövlət rərəfindən isə 5 manat subsidiya verilməsi nəzərdə tutulubdur. Bunun üçün qeydə alınan 354 nəfər kümçü ilə Şəki İpək Kombinatı ilə müqavilə bağlanılıb və bütün bank hesabları fermerlərin tərəfimizdən açılaraq kombinata verilibdir. Bizim rayonun Faxralı kəndi ərazisində 35 hektar sahədə tut bağı var. Onun 28 hektarı məhsul verəndir. Ordan bölgü əsasında baramaya baxan təsərrüfatlara hektarlar üzrə bölgü ilə vermişik”.
Hazırda təsərrüfatlarda baxılan barama qurdları həm məhsuldarlığı, həm də yetişkinliyi və böyüklüyü ilə yerli sortlardan fərqlənir. Baxılmasında və yetişdirilməsində elə də ciddi çətinlik olmayan bu sahəyə dövlət tərəfindən diqqət artırılarsa rayon fermerləri baramaçılığın inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Xaliq Qurbanlı
- Baxış: 1219