Qiymətli metal olan qızılın qiyməti durmadan artır. Bu alıcılıq qabiliyyətini aşağı salmaqla bazarda durğunluğun yaranmasına səbəb olur. Gəncədə qızıl alveriylə məşğul olanlar bazarı yumşaq desək ürəkaçan hesab etmir. Elə ekspertlərin də proqnozu müsbət bir şey vəd etmir.
Gulnara Allahverdiyev- alıcı: “Neçə dəfə gəlirəm, görürəm ki, çox bahadır. Ala bilmirik, imkan olmur. Qiymətlər çox qalxıb. Heç kim ala bilmir, camaat çətinliklə alır”.
Allahverdi Vəliyev- alıcı: “Dəst sırğa- üzük alırıq. Dəstini 490-500 manat deyirlər. Ucuz olsa daha yaxşı olar”.
Bu gün Gəncənin qızıl alqı-satqısı ilə məşğul olan ticarət obyektlərində müxtəlif növ istər qadın, istərsə də kişinin istifadə etdiyi qızıla rast gəlmək mümkündür. Özü də bu qızılları seçim etmək imkanı da çoxdu. Çünkü onların bəzəyi müxtəlif çeşiddədir. Satıcıların sözlərinə görə isə alıcılar ən çox Rusiya, Türkiyə, eləcə də İtaliya istehsalı olan qızılı alırlar. Buna görə də həmin ölkələrin istehsalı olan qızılların qiyməti günbəgün artır. İlin əvvəllinə nisbətən təxminən Gəncədə qızılın qiyməti 10-15 faiz artıb.
Kənan Qasımov- satıcı: “Bugünki gündə qızılların qiymətində qalxma müşahidə olunur. Ən çox da xarici İtaliya, Türkiyə, Dubaydan gələn qızıllarda qalxma müşahidə olunur. Xarici ölkədən bizə gəldiyi üçün 2-3 dollar qalxıb. Qalxmanın da səbəbi dünya bazarında qızılın dollarla əlaqəsinin olmasıdır. Əvvəllər 2-3 dənə qızıl satırdıqsa indi 1 qızılı gün ərzində zorla satırıq”.
Bəxtiyar Məmmədov- satıcı: “Bu gün alıcılıq qabiliyyəti çox zəifdi. Əvvəllər gün ərzində 5 dəst brilyant satılırdısa indi həftədə 1 dəst satırıq. Dünya bazarında qızılın qiyməti düşsə, Azərbaycan nefti qalxsa, dollar yenə düşsə əlbəttə ki, qızılın qiyməti enə bilər”.
Əli Qasımov- satıcı: “Rus qızılı 45-50 manata, türk qızılı isə 55-60 manatadır. Türk qızıllarının rəngi bir az sarı, rus qızılının isə rəngi qırmızı olur. Hamısı dollarla əlaqədardı. Keçən il dekabr ayında devalvasiyadan sonra dollar bahalandı, qızıl da bahalandı. Dollar düşsə qızıl da düşəcək”.
Kifayət İbrahimova- satıcı: “Xarici qızıllar ölkəmizə çətin gəlir. Ona görə də baha satılır. Amma rus qızılı həmişə yerindədir. Qramını 37 manat alırıq, 42-45 manata satırıq”.
Müstəqil ekspertin sözlərinə görə, qızılın alınmamasının səbəbi orucluq ayı ilə bağlıdır. Ancaq qızılın qiymətinin bu qədər qalxması isə ziyandır.
Tacəddin Bayramov- müstəqil ekspert: “Azərbaycan qızılı xaricdən idxal edir. Son iki ildə Azərbaycanda iki dəfə devalvasiya olub. Devalvasiya olan şəraitdə təbii ki, xaricdən gətirilən məhsulun qiyməti də artır. Azərbaycanda, eləcə də Gəncədə qızılın qiymətinin qalxmasının səbəbi budur. 2017-ci ilin sonuna doğru, eləcə də 2020-ci ilə qədər qızılın düşməsi, stabilləşməsi azalması gözlənilir. 2020-ci ildən sonra bunu beynəlxalq ekspertlər belə bildirir ki, qızılın qiymətində artım olacaq”.
Satıcıların sözlərinə görə, qızıldan fərqli olaraq brilyant qaşlı qızılların, eləcə də gümüşün qiymətində isə heç bir fərq yoxdur.
Elnur Vahidoğlu
- Baxış: 3581