Səxavət və Elməddin... Bu iki gənci bir neçə məqam birləşdirir... Əvvəla dostdurlar, daha sonra isə sərxoşluq, avtomobil qaçırmaq... Amma gəncləri birləşdirən "dəyərlər" bununla yekunlaşmır. Törətdikləri əməldən xoşhal olmaq da onların ortaq xüsusiyyətidir.
58 yaşlı Şabran sakini Hacaqa Qurbanov ona məxsus "VAZ-2106" markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri 26 yaşlı Səxavət Abdullayev və 21 yaşlı Elməddin Rzayev saxlanılıb. İstintaqa ilkin ifadələri zamanı məsələnin təfərrüatları məlum olub. Belə ki, toyda keflərini çağ etmək üçün spirtli içki qəbul edən dostlar maşın sürmək sevdasına düşüblər. Lakin avtomobilləri olmadığından, sevdalarının baş tutması üçün tanımadıqları birinin maşınını qaçırmaq qərarına gəliblər. Amma polis əməkdaşları onların qərarını da, istəyini də yarım qoyub.
Bu kimi əməlləri törədənlərin hamısını sonradan duyduqları peşimanlıq hissi birləşdirsə də, Səxavətlə Elməddin buna lüzum görmürlər.
Hazırda həmin şəxslərin digər oğurluq faktlarında əlinin olub-olmadığı araşdırılır. Saxlanılan şəxslərdən Səxavət Abdullayev öncə də cinayət məsuliyyətinə cəlb edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 619