• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 28.04.2017 14:48

Hava dəyişkənliyi insan səhhətinə də təsirsiz ötüşməyib: həkimə olunan müraciətlərin sayı günbəgün artır

KepezTV Player

Havanın dəyişilməsi halımızı da dəyişir, ovqatımızı da. Belə ki, dəyişkən keçən havalar insan orqanizmində immunitetin zəifləməsi və xəstəliklərin baş qaldırmasına şərait yaradır, əsasən də balacalarda bu özünü daha qabarıq büruzə verir. Həkimlər indiki vaxtda mövsümə yox, havaya uyğun geyinməyi məsləhət bilir.  

Məlahət Abbasova-sakin: “Öskürürdü, bir az soyuq olmuşdu, həkimə gətirdim, baxdı, yoxladı, dərman yazdı, indi aparıram müalicə olunsun”.

Havaların dəyişkən keçməsi bəzi xəstəliklərin aktivləşməsinə səbəb olub. Bu da öz növbəsində həkimə olunan müraciətlərin sayını artırıb. Son 10 gün ərzində Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına müxtəlif xəstəliklərlə bağlı 2000-dən çox çağırış daxil olub.

Namiq Nəbiyev- Gəncə Şəhər TTYS-nin baş həkimi: “ Ən çox oynaq xəstəliklərindən əziyyət çəkən xəstələrin müraciətləri çoxalmışdır. Və ağacların çiçəklənməsi ilə əlaqədar olaraq  allergiyası olan xəstələr təcili və təxirə salınmaz tibbi yardım stansiyasına müraciətləri bir qədər artmışdır. Bundan başqa yuxarı tənəfüs yollarının katarı, yəni əzginlik, yorğunluq, halsızlıq, iştahasızlıq, iş qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq təcili yardım stansiyasına müraciət edən əhalinin sayı artmışdır.

Həkimlər xəstəliklərin artmasının başlıca səbəblərindən biri kimi insanların hava şəraitini düzgün qiymətləndirməməsi göstərir. Gündəlik geyimimizi, eləcə də qida rasionunu hava şəraitinə yox, fəsilə uyğunlaşdırmaq bədənin müqavimətini zəiflədir, xəstəliyə yol açır.

Rövşən Bağırov- terapevt: “Səhər gün çıxır, hamı elə bilir ki, axşama kimi gün olacaq. Axşama gələnə qədər bədən artıq öz hərarətini aşağı salır və müqaviməti azalır. Bəzi xəstəliklər var ki, fəsillə əlaqədardır. Yara xəstəliyidir, bronxial astmadır, ümumiyyətlə mədə- bağırsaq sistemidir, qaraciyərdir, böyrək sistemidir, oynaq xəstəlikləridir, bunlar artır. Və bu ağrılar əmələ gəlməmiş, müəyyən həzm funksiyası pozğunluqlaru əmələ gəlməmiş, həkimə müraciət edib müəyyən profilaktik tədbirlər görsələr daha məqsədə uyğun olar”.

Adətən, hava dəyişikliyi uşaqlar, yaşlı nəslin nümayəndələri və xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda fəsadlara yol açır. Məsləhət görülür ki, belə hava şəraitinin insanların, xüsusilə uşaqların səhhətinə zərər vurmaması üçün onların geyiminə qarşı diqqətli olmaq lazımdır. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə profilaktika məqsədilə özlərinin "növbətçi" dərman preparatlarından vaxtında istifadə etməlidirlər.

Elton Cabbarlı