Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib. Hadisə Binə qəsəbəsində qeydə alınıb. 43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub. Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır.
Suraxanı rayonu, Əmircan qəsəbəsində isə polis bıçaqlanıb. 31-ci polis bölməsinin əməkdaşı kiçik çavuş Eldar Orucov ərazidə xidmət apararkən içərisində 4 nəfər olan "Lada Qrant" markalı avtomobili görərək ona yaxınlaşıb. Polis əməkdaşı onlardan sənədlərini istəyəndə avtomobildə olanlardan biri maşından düşərək bıçaqla Eldar Orucova xəsarətlər yetirib. Şübhəli şəxslər hadisə yerindən qaçmaq istəyərkən Eldar Orucovla xidmət aparan polis əməkdaşı onlardan birini yaxalayıb. Digər 3-ü isə avtomobillə ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükə olmadığı bildirilib.
Gədəbəy sakini də Şəmkir rayonunda xəsarət alıb. Rayonunun Böyük Qaramurad kənd sakini, 31 yaşlı Ayaz Cəfərov qarnın daxilə keçməyən kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti normaldır. Ayaz Cəfərovun sözlərinə görə, o, gecə saatlarında tanımadığı şəxs tərəfindən Şəmkirdə kirayə qaldığı evin həyətində bıçaqlanıb. Bütün faktla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 613