Eləcə də eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər də biliyini sınayıb.
Gəncədə 2 məktəbdə ümumilikdə orta təhsil bazasında orta ixtisas təhsilli müəssisələrinə qəbul olmaq istəyən 980 abituriyentin bilikləri sınağa çəkilib. Onlara ana dili və riyaziyyat fənlərindən açıq tipli suallar təqdim olunub. 2 saat 30 dəqiqə davam edən imtahanın iki saatı sualların cavablandırmasına, yarım saat isə esse yazı işinə ayrılıb.
Mustafa Mustafayev- imtahan rəhbəri: "Bugünki imtahan 3 formada təşkil olunub: 30 dəqiqəlik, 2 saatlıq və 2 saat 30 dəqiqəlik. 30 dəqiqəlik imtahanda, əvvəlki buraxılış imtahanlarda esse yazı işi yazmayan və bununla bağlı sonradan bizə müraciət edən abituriyentlər iştirak edib. Bu imtahan onlar üçün təşkil olunub. İki saatlıq imtahanda isə öz arzusu ilə esse yazmaqdan imtina edən abituriyentlər iştirak edib".
Orta təhsil bazasında orta ixtisas təhsilli müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi iyunun sonu, iyulun əvvəli keçiriləcək və ənənəvi qaydada test üsulu ilə aparılacaq. Yekun nəticələr də məhz ikinci mərhələdən sonra açıqlanacaq. Qeyd edək ki, Gəncədəki imtahanların təşkili üçün 6 imtahan rəhbəri, 76 nəzarətçi-müəllim ayrılıb. Bu dəfə qaydaları pozan "abituriyentlər" də olub. Belə ki, 3 nəfər başqa şəxsin sənədlərini təqdim edərək, imtahanda iştirak etməyə cəhd göstərib. Onlar binaya daxil olmaq istəyərkən aşkarlanaraq hüquq- mühafizə orqanlarına təhvil veriliblər.
Gülnar Fazilqızı
- Baxış: 882