Şəmkir rayonunun Şiştəpə kəndində ötən ilin aprel döyüşləri zamanı igidlik göstərərək şəhid olan polkovnik Vüqar Yusibovun il mərasimi təşkil olunub. Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, veteranlar və ictimaiyyət nümayəndələri, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak ediblər. Çıxış edənlər polkovnik Vüqar Yusibovun döyüş yolundan, göstərdiyi şücaətlərdən danışaraq şəhidin ailəsinə başsağlığı veriblər. Əminliklə qeyd olunub ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anacaq. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazıblar. Çıxışlarda Azərbaycan ordusunun güclü maddi-texniki bazaya malik olduğu və tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağı vurğulanıb. Məktəblilərin səsləndirdikləri şeirlərdə və nümayiş etdirdikləri ədəbi- bədii kompazisiyalarda Vüqar Yusifovun həyat yolu bir daha əks olunub. Dövlətə inam və orduya güvən ruhunda davam edən tədbirdə şəhid polkovniklə bağlı xatirələr yada salınıb.
Nurəddin Yusibov- şəhidin atası: “Ermənilər başa düşsün, eşitsin onlar nə qədər Qarabağ deyirsə hansı uçurumda olduqlarını bilmirlər. Onlar belə etməklə İrəvanı da itirəcəklər. Mən Azərbaycan ordusunun gücünə inanıram, dövlətin gücünə inanıram. Dövlətimiz var olsun, elimiz sağ olsun. Döyüşçülərimizin gücü ilə o torpaqlar alınacaq”.
Natiq Hüseyn
- Baxış: 519