Fevral ayının 15-dən indiyə kimi Gəncə və ətraf rayonlarda məskunlaşan 29 min kəlbəcərlidən 10 minə yaxın sakin tibbi yoxlamadan keçib. Bu işlər kəlbəcərlilərin sıx məskunlaşdığı yaşayış məntəqələrində davam etdirilir.
Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının həkim briqadası təyin olunan qrafiklə bu dəfəki tibbi müayinəni Goranboy rayonunun Veyisli kəndində kəlbəcərlilərin sıx məskunlaşdığı yaşayış yerində keçirib. Kəlbəcər rayon 102 saylı tam orta məktəbin binasında baş tutan yoxlamada xəstəxananın müxtəlif ixtisaslarda 2 həkim birqadasın da 12 tibb işçisi iştirak edib. Burada vətəndaşların hər tərəfli müayinə olunması üçün bütün şərait yaradılıb, ən zəruri dərman preparatları ilə təchiz olunub. Müraciət edən vətəndaşlar qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə həkimlərə yönləndirilib.
Mehbarə Kazımova- Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası tərəfindən bu günə kimi 10 minə yaxın kəlbəcərli tibbi müayinədən keçib ki, bunlardan da 38 nəfərə stasionar müalicə təyin olunub. 126 nəfərə ambulator müayinə təyin edilib, 22 nəfərə isə Bakı şəhərinə ixtisaslaşmış tibb müəssisələrinə göndəriş verilib. Bundan əlavə biz qrafiklə Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən məktəblərdə və bağçada tibbi müayinələri həyata keçirəcəyik. Gəncə şəhərinin özündə bir çox məktəblərimiz var ki, orada hələ tibbi müayinələri aparmamışıq”.
Gün ərzində davam edən aksiya zamanı tibb işçiləri 400-ə yaxın kəlbəcərlini müayinədən keçirib ki, bunlardan da 37 nəfərdə ilkin olaraq müəyyən xəstəliklər aşkarlanıb.
Lamiyyə Murtuzayeva- sakin: “Sinir sistemim ilə bağlı problemlərim var idi. Burada müayinə olundum. Çox razı qaldım, həkimlərimiz öz tövsiyələrini verdi. Təşəkkür edirəm”.
İnqilab Qafarov- sakin: “Mən də tibbi müayinədən keçdim. Böyrəklərimdə bir az problem var idi. Həkimlər məsləhətlər verdilər ki, hansı şəraitdə müalicə olunmalıyam”.
Qardaşxan Nəbiyev- sakin: “Mən Kəlbəcər rayonunun Yeştək kəndindənəm. Bu gün həkimlərin yoxlanışında iştirak etdim. Mənim də onurğa sütunumda problem var. Həkimlər də tövsiyələrini verdilər ki, idman hərəkətləri və müxtəlif dərman preparatları ilə müalicə olunsam yaxşı olacaq”.
Ümumilikdə bu günə kimi kəlbəcərlilər arasında keçirilən yoxlamalar zamanı kəlbəcərli məcburi köçkünlər arasında ağız boşluğu, sinir sistemləri, yuxarı tənəffüs yolları xəstəliklərinə rast gəlinib.
Elnur Vahidoğlu
- Baxış: 756