“Bərabər Hüquqlar- Bərabər İmkanlar” prinsipinə söykənən əlil qadınlar Gəncədə bir araya gələrək gördüklərin işin hesabatını verib. Həyata keçirilən layihələrin imkanları məhdud olan qadınların cəmiyyətə inteqrasiyası, məşğulluğunun təminatı baxımından əhəmiyyəti qabardılıb.
Aysel Mayılova- iştirakçı: “Göz oxşayan əsərlər yaratdıqca insan mənən zövq alır. Ona görə də insanlar heç nəyə qapılmamalıdır ki, ən azından öz arzularını özü öz ayağı üstə durmağı bacarmalıdır”.
GDU-nun təsviri incəsənət fakültəsində təhsil alır- 22 yaşlı Aysel. Daha çox insan tabloları onun diqqətini çəkir, bir də təbiət mənzərələrini yaratmağı sevir. Fiziki imkanları məhdud olsa da, özünü cəmiyyətin bir parçası hesab edir. “Əlil Qadınlar” Cəmiyyətinin Gəncə regional şöbəsinin 3229 qadın üzvü kimi.
Ülkər Əsgərova- iştirakçı: “Özüm kimi əlilliyi olan insanlara demək istəyirəm ki, heç vaxt əllərini həyatdan üzməsinlər. Əlil olmaq o demək deyil ki, həyat bitdi. Biz başqa işləri də bacara bilərik. Sadəcə bu istedadı öz içərimizdə axtarmalıyıq”.
Aygün Süleymanova- iştirakçı: “Burada olan hər bir insanın öz istedadı var. Biz də çalışırıq ki, o insanları üzə çıxaraq. Onlar da bizə qoşulsunlar. Əlillər unudulmasın. Onlar üçün də həyat gözəldi, sağlam insan üçün həyat necə varsa onlar üçün də var”.
Həyatın gözəl olduğu artıq 15 ildir cəmiyyətə üzv olan qadınlara aşılanır. Cəmiyyətə inteqrasiya, hüquqlarının müdafiəsi, həyat tərzinin yaxşılaşdırılması, hətta beynəlxalq təcrübə mübadiləsi də əlil qadınlar üçün əlçatandır. Peşə hazırlığı üzrə kurslar, yaradılan teatr truppası istedadlıların üzə çıxarılması ilə yanaşı, onların əlaqələrinin genişlənməsinə də imkan yaradır.
Elmira İsmayılova -"Əlil Qadınlar” Cəmiyyəti Gəncə şəhər şöbəsinin sədri: “Gürcüstanın iki əlil təşkilatı ilə əməkdaşlıq edirik. Gəncə-Qazax, Zaqatala bunlar sərhəd zonaları olduğu üçün layihəni burada həyata keçirəcəyik. Həm Gürcüstan, həm də bizim əlilliyi olan insanlar üçün bukletlər hazırlayacağıq”.
Beynəlxalq mübadilə proqramlarının iştirakçısı olan cəmiyyətin bir qrup üzvləri 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə mükafatlandırılıb.
Elnur Vahidoğlu
- Baxış: 1832