Göygöl əhalisi də tibbi müayinələrə cəlb edilib. Rayon mərkəzi ilə yanaşı, 13 tibb ocağında, eləcə də səyyar şəkildə icbari dispanserizasiya aparılır.
Göygöldə rayon mərkəzi xəstəxanası, kəndlərdəki 2 sahə xəstəxanası və 10 həkim məntəqəsi sakinlərin müayinəsi üçün ayrılıb. Bu günədək səhhəti yoxlanılan 5413 nəfərdən 2352-si ambulator, 30-u isə stasionar müalicəyə cəlb olunub. Bir nəfərin səhhətində ciddi problem aşkarlandığından Bakıdakı ixtisaslaşdırılmış xəstəxanaya göndəriş alıb.
Hamlet Ömərov- Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Tibbi müayinənin əsas nəticəsi ondan ibarət olmalıdır ki, əhali arasında olan müəyyən xəstəliklər vaxtında aşkarlansın. Xəstələr ilkin olaraq genişləndirilmiş tibbi müayinəyə cəlb olunsun. Həmin xəstələrin istər ambulator, istərsə də stasionar müalicəsi təşkil olunsun”.
Həkimlər gün ərzində 500-dək şəxsi müayinədən keçirirlər.
Türkan Kərimova- sakin: “Öz səhhətimizlə bağlı bütün müayinələrdən keçdik. Çox şükür ki, heç bir problemimiz yoxdur. Belə tədbirlərin təşkil olunması bizim üçün də yaxşıdır”.
Ələkbər Hüseynov- sakin: “Müayinə zamanı məndə təzyiqin yüksək olması aşkarlandı. Bununla bağlı həkimlər bizə öz tövsiyələrini verdi”.
Anar Rzayev- sakin: “Mən də bu gün bir Göygöl sakini kimi müayinədən keçdim. Şükürlər olsun ki, səhhətimizdə heç bir problem yoxdur”.
Göygöl rayonunda əhalinin tibbi müayinəsinin təşkili məqsədi ilə 3 səyyar briqada yaradılıb. İxtisaslı həkimlərdən ibarət briqadalar ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin səhhətini nəzərdən keçirirlər. Ümumilikdə aksiya çərçivəsində 44 mindən çox sakinin müayinələrə cəlb olunması planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 524