• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 20.02.2017 13:23

Maşın oğrusunun digər cinayət əməlləri də üzə çıxıb

KepezTV Player

Beyləqanlı gənc oğurladığı avtomobili özünə məxsus şəkildə “mühafizə” edib. O, maşını yarımçıq tikiliyə salıb, qapısını da hörüb. Polisin apardığı araşdırmalar nəticəsində onun digər cinayət əməlləri də üzə çıxıb. Sən demə, 29 yaşlı gənc qohum-əqrəbasını başına yığıb evlərdən də oğurluq edirmiş. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarıb.


 Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb. Taksi fəaliyyəti ilə məşğul olan İmanov bildirib ki, “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elgin Feyzullayev şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı isə o, əməlini etiraf edib. Dediyinə görə, Abşeron rayonu Goradil qəsəbəsində qardaşının yanında qaldığı vaxt avtomobil oğurlamaq xülyasına düşüb. Paytaxtın Nizami rayonu ərazisində dayanan taksilərdən birinə yaxınlaşaraq onu Goradil qəsəbəsinə aparmasını istəyib.

Elgin Feyzullayev fərdi yaşayış evində oğurluq avtomobilin diqqət çəkməməsi üçün maşını yarımtikili hasarın içinə salaraq qarşısını hörüb. Lakin bununla polisin diqqətini yayındıra bilməyib. Mehdiabad polis bölməsi əməkdaşları tərəfindən avtomobilin yeri müəyyənləşdirilərək oradan çıxarılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, əmisi Vüqar Feyzullayev, qardaşı Elvin Feyzullayev və bibisi oğlu Amil Mirişovla birgə Goradil, Fatmayi və Mehdiabadda müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq ediblər.

Cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün iş açılıb, istintaq aparılır.
Zülfiyyə Telmanqızı