• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1951
— 11.02.2017 16:20

Qarlı yollarda avtomobillərin təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür

KepezTV Player

Qərb bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava daha çox avtomobil yollarında çətinliklər yaradıb, özü də dağ rayonlarında. Şəmkir, Gədəbəy, Daşkəsən və Göygölün ucqar kəndlərinə hərəkətdə problemlər olduğundan yol təsərrüfatı işçilərinin işləri sürətləndirib.

Şəmkirin rayon mərkəzinə 10-15, dağlıq yaşayış məntəqələrinə 20-25 santimetr qalınlığında qar düşüb. Nəticədə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımlarından keçən hissəsində avtomobillərin hərəkətində yaranan çətinlik daha qabarıq olub.

Elfaq Ocaqverdiyev -sürücü: “Belə havada gərək hamı diqqətli olsun. Bu yola biz öyrənmişik. Daim bu yolla gedib- gəlirik. Ancaq buna baxmayaraq, gərək qarşıdan gələn avtomobilə diqqət edəsən”.

 Qarlı- şaxtalı hava Şəmkir-Gədəbəy yolunda avtomobillərin sayına birbaşa təsir göstərib. Daim hərəkətin intensivliyi müşahidə olunan bu yolda indi çox az sayda avtomobil gözə dəyir.

Şahin Rzayev -sərnişin: “Biz bu yollara öyrənmişik. Diqqətlə aşağı sürətlə gedib-gəlirik. İndi də Şəmkirə gedirik. İstəyirik aşağı sürətlə gedib çataq”.

Yolları qardan və buzdan təmizləmək üçün gecə saatlarından görülən işlərin nəticəsidir ki, ciddi problem yaşanmayıb. Ən ucqar kəndlərə belə hərəkət təmin edilib.

Qüdrət Əliyev -Şəmkir Rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Bütün kəndlərimiz 24 saat elektrik enerjisi ilə təmin olunub. Mavi yanacağın verilişində fasilə yaranmayıb. Yollarımız açıqdır. Yol təsərrüfatı işçiləri gecə- gündüz dayanmadan çalışırlar. Xüsusi ilə də Yasamal aşırımlarına daha çox nəzarət olunur. Mən elə başa düşürəm ki, qeyri- sabit hava şəraiti ilə əlaqədər rayonumuzda ciddi problem yoxdur”. Rayon ərazisindəki yollarda qəzalar da qeydə alınmayıb. Gücləndirilən iş rejimində çalışan Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının sürücülərə tövsiyəsi də var.

Firdovsi Daşdəmirov -baş inspektor: “Aidiyyəti qurumlarla birlikdə hal-hazırda iş başındayıq. Sürücülərin tam diqqətli olmağı, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmamağı məsləhətdir. Hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri xüsusi şinlərdən istifadə etsələr yaxşıdır”.

Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında qarlı-şaxtalı hava sakinlər üçün çətinliklər yaratmayıb. Rayon Fövqəladə Hallar Komissiyalarından aldığımız məlumata görə, hava şəraitindən asılı olmayaraq kəndlərə enerji və təbii qazın verilişi normal qaydada davam edir, yollara duz qarışıq qum səpilib.

Natiq Hüseyn