Ötən il Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində 4 ağır yol qəzası qeydə alınıb və nəticədə 4 nəfər həyatını itirib. Qəzaların ikisi piyadaların vurulması ilə baş verib. Yol nəqliyyat hadisələrinin təhlili göstərir ki, hadisələrə sürücü ehtiyatsızlığı ilə yanaşı piyada məsuliyyətsizliyi də səbəb olub. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının Ağstafa rayonunun Köçəsgər kəndində keçirdiyi görüşdə diqqət bu faktlara yönəldilib. Qırlı və Dağ Kəsəmən kəndlərinin sakinləri də maarifləndirici görüşün iştirakçısı olub. Tağımın komandiri Aqil Məmmədov yol polisinin təhsil, səhiyyə və digər ictimai yerlərdə vətəndaşlarla baş tutan bu səpkili görüşlərin əhəmiyyətinə toxunub. Qarşılıqlı diskussiya şəklində yekunlaşan görüş Qazaxda da keçiriləcək.
Natiq Hüseyn
- Baxış: 795