Taksiyə müştəri kimi əyləşib, sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb. Aldığı çoxsaylı ağır zərbələrdən xəstəxanada dünyasını dəyişən sürücünün qətli ilə bağlı təfərrüatlarla qarşıdakı materialda tanış olacaqsınız...
Hadisə yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib. 21 yaşlı Eşqin Murtuzayev Gəncədə əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı yaşadığı kəndin ərazisində quldurluq edib. Əyləşdiyi “VAZ 2107” markalı maşının sürücüsünə yoldaykən hücum çəkən gənc, 59 yaşlı kişini kəsici alətlə yaralayıb, ağır bədən xəsarətləri yetirib. Bundan sonra Namiq Babayevi avtomobildən düşürən Eşqin Murtuzov, sürücünün mobil telefonunu və nağd pulunu quldurluq yolu ilə ələ keçirib. Çox keçməmiş avtomobili qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb.
Eşqin Murtuzov- saxlanılan şəxs: “Sonra metalloma getdim. Orada Kamala dedim ki, maşın istəyirsənmi? Maşın oğurluq kimi bir şeydir, yəni sənədləri yoxdur. Sonra 500 manata satıb, Gəncəyə getdim”.
Namiq Babayevi isə yaralı halda ilk olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin işçiləri aşkarlayıblar. Yaxınlarına edilən zəngdən sonra sürücü ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 gündən sonra o, xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən Eşqin Murtuzovun məsuliyyətdən yayınmasına isə Şəmkir polisi imkan verməyib.
Mehrab Məmmədov- müstəntiq: “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil hadisədən dərhal sonra Kamal Kərimovun yaşadığı mənzildən aşkarlanıb. Cinayəti törədən Murtuzov Eşqin Firuddin oğlu saxlanılaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
Eşqin Murtuzovun törətdiyi cinayətə Şəmkir Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Natiq Hüseyn
- Baxış: 6857