• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 17.01.2017 13:59

Ölkədə onkoloji xəstələrin sayında artım var

KepezTV Player

Ölkədə, eləcə də qərb bölgəsində onkoloji xəstələrin sayında artım var. Bu bir tərəfdən xəstəliyə yoluxma ilə bağlıdırsa, digər tərəfdən həkimə vaxtında edilən müraciətlərin hesabınadır.

Onkoloji xəstəliklər 4 mərhələdə olur. Həkimlərin sözlərinə görə birinci, ikinci mərhələ yüngül hesab edilir. Ona görə də vaxtlı-vaxtında müayinə bu mərhələlərin asan müalicəsini təşkil edir.

Nizami Həsənov- Gəncə şəhər Onkoloji Xəstəxanasının şöbə müdiri: “Xəstələrin əksəriyyəti gecikmiş mərhələdə - üçüncü, dördüncü mərhələdə müraciət edir. Üçüncü, dördüncü mərhələdə müraciət edən xəstələrin həm müayinəsi, həm diaqnostikası, həm də müalicəsi bizim üçün çox çətinlik törədir”.

İnsanların tibbi müayinələrə maraq göstərməməsi digər xəstəliklər kimi onkoloji xəstəliyin artması və orqanizmdə ağırlaşması ilə nəticələnir. Gəncə şəhər Onkoloji Xəstəxanasına müraciət edənlərin əksəriyyəti də 40-60 yaş arası olan onkoloji xəstəliyin ağır mərhələsini yaşayanlardır. Onkoloji xəstəliyin vaxtında aşkar edilməsi, müalicənin uğurlu həyata keçirilməsinə imkan verir. Xüsusilə, əməliyyatdan sonra Şüa Terapiya şöbəsinə edilən müraciətlər bərpa prosesinə müsbət təsir göstərir.

Afina Əliyeva- xəstə: “Mən iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm. Bakıya getmişdim, Gəncədə yaşadığım üçün məni yönləndirdilər bura. Bir il bundan qabaq mənə şüa verilib. Vəziyyətim lap yaxşılaşdı. İkinci ili yenə gəldim. Şüa terapiya götürürəm, lap yaxşıyam”.

Xavər Nəbiyeva- xəstə: “Dekabr ayında əməliyyat olundum. Əməliyyatdan sonra məsləhət gördülər gəlim bura. Yaxşılığa doğrudur. Sağ olsunlar, həkimdən çox razıyam”.

Gün ərzində şüa almaq üçün 25-30 xəstə müraciət edir ki, bu da ötən illərlə müqayisədə artım deməkdir.
Elnur Vahidoğlu