Ədliyyə Nazirliyin regional şöbəsinin, penitensiar, qeydiyyat, notariat və məhkəmə sistemində çalışan 200-ə yaxın əməkdaş donar qismində iştirak edib. Mərkəzi Qan Bankının Gəncə regional bölməsində könüllülərdən götürülən qan regionda hemofiliya və talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq. Artıq 16 ildir ədliyyə işçiləri 22 noyabrı peşə bayramı günü kimi qeyd edir.
Samir Cəfərov- Gəncə Regional Ədliyyə Şöbəsinin böyük məsləhətçisi: “Biz daim bu kimi tədbirlər həyata keçiririk, eyni zamanda, bu tədbirlərin uzunmüddətli olması ilə bağlı bir sıra addımlar atılır. Bu gün də ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə, bütün işçilərimiz bir nəfər kimi qanvermə aksiyasında iştirak edir. Arzu edirik ki, bu aksiyalara bütün ədliyyə qurumları və digər dövlət qurumları da qoşulsunlar”.
98 illik tarixi olan Ədliyyə sisteminin Şəmkir rayonunda çalışan əməkdaşları peşə bayramı günü ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon məhkəməsinin, Şəmkir Regional Ədliyyə, icra və qeydiyyat şöbələrinin, eləcə də notariat kontorunun kollektivləri şəhidlər xiyabanında da olublar. Burada torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canından keçən vətən oğullarının məzarını ziyarət ediblər. Qəbirlər üzərinə tər qərənfillər düzülüb. Peşə bayramı münasibətilə təşkil olan bayram tədbiri müvafiq şöbələrdə davam etdirilib.
Samuxda isə dəyirmi masa ətrafında bir araya gələn peşə bayramını qeyd edənlərlə ölkədə ədliyyə sistemin yaranmasından, müstəqil Azərbaycanda aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu sahədə əldə olunan nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində müsbət təcrübə əldə olunduğuna diqqət çəkilib. Rayonda insan hüquq və azadlıqlarının qorunması istiqamətində reallaşan tədbirlər yüksək qiymətləndirilib. Sonda qabaqcıl ədliyyə işçilərinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn, Elton Cabbarlı
- Baxış: 734