Bəstələri və neçə-neçə əsərə həyat verməklə Azərbaycan mədəniyyətində özünə məxsus yer tuturdu Nəriman Əzimov. Prezident təqaüdçüsü yüzlərlə mahnı və musiqi əsərinin, orkestr müəllifi, Azərbaycan musiqisinin inkişafı və dünyada tanınmasında ayrıca xidmətləri olan şəxs kimi bu dünyada iz qoyub. Bu gün onun yoxluğu rəhbərlik etdiyi orkestr, müğənnilərin müşayiət etdiyi mahnılarla xatırlanacaq.
Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq-çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, tar və xalq çalğı alətləri orkestri üçün musiqilərin, "Xatirə", "Qaynana əməliyyatı", "Özəlim – gözəlim" əsərlərin müəllifidir.
Fikrət Verdiyev -“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri: “Nəriman Əzimov çox böyük işlər görüb. Dahi Üzeyir Hacıbəyovun yaratdığı orkestrə müəyyən illərdən sonra Nəriman Əzimov da rəhbərlik edib. Bu bizim üçün böyük fəxrdir”.
İndi onun yoxluğu Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. Prezident təqaüdçüsü olan Nəriman Əzimovla Gəncədə baş tutan vida mərasimində bəstəkar-dirijorla bağlı xoş xatirələr yada salınıb, sənət əsərlərinin ərsəyə gəlməsində ifaçılarla birgə işə verdiyi töhfə yüksək dəyərləndirilib. Nəriman Əzimovun insani keyfiyyətləri də üstün tutulub.
Sona Əzimova -mərhumun həyat yoldaşı: “Nəriman Əzimov çox yaxşı insan olub, çox yaxşı ata olub. Bizim incəsənətdə onun çox böyük fəaliyyəti var, onun 100 bəstəkarlıq fəaliyyəti var. İndiyə kimi onların hamısı səslənir”.
Nəriman Əzimov dram teatrın binasında əməyinin nəticəsi olan bəstələr və alqış sədaları altında son mənzilə yola salınıb. Azərbaycanın 80 yaşlı xalq artisti uzun sürən xəstəlikdən sonra noyabrın 19-da Bakıda dünyasını dəyişib. Nəriman Əzimov vəsiyyətinə uyğun olaraq Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.
Mehman Abbas
- Baxış: 1832