Cücəni payızda saymaq məsləhət görüldüyü kimi, ağacı da ilin bu fəslində əkmək üstün tutulur. Xüsusən də söhbət meyvə ağaclarının tingindən gedirsə. Özünəməxsus qulluq tələb etdiyindən, əkilmə qaydasına da maksimum riayət etmək lazımdır ki, sonra meyvəsindən dada biləsən. Mütəxəssislər məhsulu olmasa da, gözəllik və kölgə verən dekorativ ağacların toxumunu da məhz payızda əkməyi məsləhət görür. Niyə? Suala cavabı qarşıdakı materialda biləcəyik.
Səfər Əsgərov- bağban: “Adam var ki, mart-aprel ayında ağac əkir. O ya quruyacaq, ya da yaxşı inkişaf etməyəcək. Əsas odur ki, noyabrda yarpaq töküldü, meyvə ağacını əkəsən”.
Məhz bu vaxt əkilən ağac yaxşı tutur, tez inkişaf edir və bol məhsul verir. 40 ilə yaxındır bağbanlıq edən Səfər Əsgərov bunun üçün bir neçə şərtə əməl olunmasını vacib sayır. Meyvə ağacı yumşaq yerdə əkilməli, əkilməzdən əvvəl yer şumlanmalı və ting öncədən calaq edilməlidir.
Səfər Əsgərov- bağban: “Xırnik may ayının əvvəlində calanır. Amma armud, alma, gilas, heyva, gilas ağacları sentyabırın axırında calanır”.
Bağban əkilən ağacların suvarılmasına diqqət yetirməyi də vacib sayır. Calanan yeni meyvə ağaclarının suvarılması isə vacib deyil. Ağac calandıqdan bir gün sonra suvarılır, ondan sonra həmin ağacın suvarılması isə yaz aylarından başlayır.
Payızda əkilən meyvə ağacların yazda köçürülənlərdən bir üsütünlüyü də var. O da qulluqla bağlıdır. Yazda əkilən meyvə ağacları payızdakı əkindən köçürülmə olduğundan kök sistemi zədələnmiş olur və bərpa prosesi müəyyən vaxt tələb edir.
Zaur Həsənov- ADAU-nun Bağçılıq kafedrasının professoru: “Payız əkini Gəncə şəraitində ümumiyyətlə çox yaxşı əkin sistemi hesab olunur. Çünki payızdan əkilən bitkilərin özü yerində özünü daha gumrah hesab edir. Yerüstü hissənin kəsilməsinə ehtiyac qalmır. Bitki sanki öz yerindəki kimi normal inkişaf edə bilir. İndiki hava şəraitində normal ağac əkini aparmaq olar. Yarpağını tökən ağacların hamısı payız əkini üçün əlverişlidir”.
Meyvə ağaclarından fərqli olaraq dekorativ ağacları ilin bütün fəsillərində əkmək olar. Ancaq əkilmə qaydasına düzgün əməl etməklə.
Səfər Əsgərov- bağban: “Meyvə ağacı payızda yükünü tökür, yarpağı üstündə qalmır. Amma dekorativ ağac yüklü olur, şaxta olana kimi inkişaf edir. Ona görə də onu 2-3 sm dərin basdırırsan ki, qırılmasın. Bir də ki, şaxta vurmasın”.
Dekorativ ağaclar toxumdan əmələ gəldiyindən bu proses də payızda aparılır və 1 ildən sonra əkmək olar. Həmçinin bu ağacları şaxtalar olana kimi tez-tez suvarmaq da məqbuldur.
Elnur Vahidoğlu
- Baxış: 64279