Artıq bir neçə ildir ki, AFFA-nın təşkilatçılığı ilə ayrı-ayrı yaş qrupları üzrə ölkə birinciliyi keçirilir. Bütün regionları əhatə edən yarışlarda 100-lərlə komanda mübarizə aparır.
Assosiasiyanın uşaq futbolunun inkişafına hesablanan bu layihəsi çərçivəsində Azərbaycan birinciliklərində Gəncədən də iştirak edən komandalar var. Müxtəlif idman məktəbləri ilə yanaşı, “Kəpəz” futbol klubunun 9 komandası respublika yarışlarında çıxış edir. Belə kollektivlərdən biri Mətləb Məmmədovun başçılıq etdiyi 15 yaşlı futbolçulardan ibarət komandadır.
Mətləb Məmmədov - “Kəpəz”in U-15 komandasının baş məşqçisi: “Bu yaş qrupu üzrə komandanı yeni yaratmışıq. Düzdür, əvvəllər klubda U-15 komandası olub, lakin sonradan fəaliyyətini dayandırmışdı. İlk günlərdə çətinliklə üzləşsək də, yavaş-yavaş irəliləyişə nail olduq. Gərgin məşqlərin nəticəsində oyundan-oyuna uşaqlar artırmağa başladılar”.
Gəncə futbolunun hazırkı vəziyyətinə - meydança çatışmazlığına baxmayaraq, bu, məşqçilərin işləmək, futbolçu yetişdirmək istəyinə təsir etməyib. Əksinə, “Kəpəz”in əvəzedici və əsas komandasına layiqli ehtiyat qüvvə hazırlamaq, əvvəlki kimi öndə duran vəzifələrdəndir.
Mətləb Məmmədov- “Kəpəz”in U-15 komandasının baş məşqçisi: “Meydança ilə bağlı problem olanda, futbolçu yetişdirmək çətinləşir. Həmişə deyirlər ki, Gəncədəki futbolçuların hamısı belə meydançalardan çıxıb. Bu deyim doğrudur. “Kəpəz”in bütün güclü oyunçuları burada yetişib. Ona görə də uşaqlar səylə çalışsalar, istəkli olsalar, məşqləri buraxmasalar yaxşı futbolçu ola biləcəklər. Şəhərimizdə istedadlı uşaqlar var, onların potensialını üzə çıxarmaq lazımdır”.
Onu da nəzərinizə çatdıraq ki, U-15 liqasında Nizami yurdu iki kollektivlə təmsil olunur. “Kəpəz” ilə yanaşı, “Gəncə TİM” komandası uyğun yaş qrupu üzrə ölkə birinciliyində qüvvəsini sınayır.
Azad Rəfi
- Baxış: 500