• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 22.01.2016 15:56

Vidadi Rzayev yenidən “Kəpəz”də

Vaxtilə futbolçu və məşqçi kimi “Kəpəz”ə xidmət etmiş Vidadi Rzayev yenidən doğma klubuna dönüb. Mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.

48 yaşlı mütəxəssis bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. O, 19 yaşlılara köməkçi məşqçi təyin edilib. Təyinatı bir müddət öncə rəsmiləşən Vidadi Rzayev artıq işinin başındadır.

Vidadi Rzayev “Kəpəz” üçün yad sima deyil. O, futbolçu kimi komandada oynayıb, eləcə də karyerasını başa vurduqdan sonra məşqçi kimi klubda çalışıb.

3 müxtəlif vaxtda “Kəpəz”də çıxış etmiş Vidadi Rzayev komandada məşqçi və baş məşqçi də işləyib. Ötənlərin məşhur futbolçusu klub birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. Mütəxəssis kimi doğma klubu ilə hələ ki, nailiyyətə imza ata bilməsə də, oynadığı dövrlərdə Azərbaycan çempionu və ölkə kubokunun qalibi adını qazanıb.

Vidadi Rzayev- “Kəpəz”in U-19 komandasının baş məşqçisi: “Klub rəhbərliyi mənə 19 yaşlılarla işləməyi təklif etdi və mən də dəvəti qəbul etdim. Mənə etimad göstərənlərə, bu vəzifəyə layiq görənlərə minnətdarlığımı bildirirəm. Böyük etimad göstəriblər və ümidləri doğrultmağa çalışacağam. Özümü işin öhdəsindən gəlməyə hazır və qadir sayıram”.

Rzayevin yeni qəbul etdiyi komanda ilə işi çox olacaq. Çempionatda autsayderlər mövqeyində olduğundan baş məşqçinin əsas vəzifəsi ilk növbədə kollektivi düşdüyü çətin vəziyyətdən çıxartmaqdır.

Vidadi Rzayev- “Kəpəz”in U-19 komandasının baş məşqçisi: “Görüləsi çox işimiz var. Amma çətinlikləri dəf edə biləcəyimizi düşünürəm. Komandaya baxıram, heyətdə yaxşı uşaqlar var. Məndən əvvəl komandada baş məşqçi işləmiş Fuad İsmayılov əlindən gələni edib. Fikrimiz aşağı yaş qruplarından komandaya yeni futbolçular dəvət etməkdir. 17 yaşlılara nəzər yetirmişəm, aralarında perspektivli oyunçular var. Onlarla işləmək həvəs yaradır. Bizdə yetişən, seçilən uşaqlar isə gələcəkdə əvəzedici heyətə və əsas komandaya dəvət ala bilərlər. Gənclərə yol açmaq, şans vermək lazımdır. Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar”.    

Vidadi Rzayevin postunda çempionatda rəsmi debütü gələn aya təsadüf edəcək. Fevralın 10-da ikinci dövrənin ilk oyununda “Kəpəz” “Zirə” səfərində meydana çıxacaq.

 

Azad Rəfi