Gəncədə 1 saylı Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə daxili birinciliyi keçirilib. Yarış, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilib.
Birincilik açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə çıxış edənlər 20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu və bu il həmin hadisənin 26-cı ildönümünün qeyd edildiyini dilə gətiriblər. Çıxışların ardınca görüşlərə start verilib. 1 saylı UGİM-in daxili birinciliyində 100-dən artıq yeniyetmə güləşçi döşək üzərinə çıxıb. 2 gün davam edən yarışda idman ocağının yetirmələri 14 çəkidə qalibi müəyyənləşdiriblər.
Nəsimi İmamquliyev- yarışın baş hakimi: "Əsas məqsədimiz, yeniyetmələrə 20 Yanvar hadisələrini aşılamaq və idmançıların asudə vaxtlarını səmərəli təşkil etməkdir. İstəyirik ki, bu yarışda perspektivli güləşçiləri ortaya çıxaraq, məktəbimizin yığma komandasının heyətini müəyyənləşdirək və gələcəkdə keçirilən yarışlarda onların iştirakını təmin edək".
Daxili birinciliyin sonunda mükafatçı mövqedə qərarlaşan güləşçilərin adlarına aydınlıq gəlib. Yekunda yer tutan idmançılar məktəb rəhbərliyi tərəfindən diplom və medalla təltif edilib.
Orxan Cəfərzadə
- Baxış: 1384