Paytaxtda və Sumqayıtda evlər yanıb. Xəsarət alanlar var. Salyan rayonunda isə bərbərxana yanaraq yararsız hala düşüb.
Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində Firuz Hüseynova məxsus ev yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı Rayon Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda söndürülür, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Ev sahibi Firuz Hüseynovun sözlərinə görə, yanğın zamanı evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Bakının Nərimanov rayonu, Atatürk prospektində yaşayan Afiq Abdullayevin evində qaz sızması səbəbindən yanğın baş verib. Nəticədə yanıq xəsarəti alan Afiq Abdullayev və qohumu Xuraman Həsənova xəstəxanaya yerləşdiriliblər.
Xəzər rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.İlkin ehtimala görə hadisə elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.
Sumqayıtda da vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Salyan şəhərində isə vətəndaşa məxsus bərbərxana kimi fəaliyyət göstərən ümumi sahəsi 9 kv.m olan vaqonda yanğın baş verib. Nəticədə vaqonun taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 891