• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 11.01.2016 18:07

Gəncədə sürətli şahmat üzrə şəhər birinciliyi keçirilib

Yarış mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilib.Şahmat-Dama Məktəbində baş tutun yarışda 192 iti zəka sahibi iştirak edib. 3 yaş qrupunda reallaşan birincilikdə A qrupunda 1-ci dəcərəli, B qrupunda 2-ci dərəcəli, C qrupunda isə bu idman növü ilə yeni məşğul olan şahmatçılar qüvvəsini sınayıb. İsveçrə sistemi üzrə keçirilən yarışda A qrupunda 7, B və C qruplarında 5 tur oynanılıb.

Asif Həsənov -Şahmat-Dama Məktəbinin direktoru: "Bu yarışda qrupunda iştirak edən şahmatçılar sırasında məktəblilər arasında dünya çempionu olan Leyla Budaqova yarışır. Həmin dünya birinciliyinə qatılan Zeynəb İsmayılzadə mübarizə aparır. İki dəfə Avropa birinciliyinin iştirakçısı Babək Cəfərli qüvvəsini sınayır. Respublika olimpiadasının qalibləri iştirak edir. Biz istəyirik ki, bu cür şahmatçıların sayı daha çox olsun. Çünki yaxşı mənada rəqabət formalaşan halda inkişafa gedə bilərik".

Vüqar Həşimov Gəncə şahmatına yaxınlığıyla seçilib. O, bir neçə dəfə gəncəli iti zəka sahiblərinə ustad dərsləri keçib.

Asif Həsənov -Şahmat-Dama Məktəbinin direktoru: "Vüqarın Gəncəylə sıx bağlılığı olub. Vüqara gəncəlilərin dostu demək olardı. O, Gəncədə keçirilən ən yüksək səviyyəli tədbirlərdə məmnuniyyətlə təklifimizi qəbul edib iştirak edirdi. Vüqar ustad dərsləri, seanslar və uşaqların inkişafı üçün əlindən nə gəlirdisə, sərf etməyə hazır olan insan idi".

Birinciliyin sonunda ilk 3 yeri tutan şahmatçılar fəxri fərman və medalla mükafatlandırılıb. Bildirək ki, yarış ənənəvi xarakter daşıyır və bu mənada Şahmat-Dama Məktəbində ikinci dəfə təşkil olunub.

Orxan Cəfərzadə