• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 11.01.2016 15:23

Respublika ərazisində yol qəzaları baş verib xəsarət alanlar var

Sumqayıt, Gəncə, Lənkəranvə Şirvanın yollarında yenə də yol-nəqliyyat hadisələri baş verib. Ölən və yaralananlar var.

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  FHN-nin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Niva” markalı minik avtomobilinin gölə düşməsi barədə məlumat daxil olub. Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər suda batan 28 yaşlı Anar Həsənovun cəsədini və avtomobili çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  

Gəncədə baş verən yol qəzasında isə 1 nəfər xəsarət alıb. Hadisə bu gün günorta saatlarında şəhərin Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində qeydə alınıb. “VAZ” markalı 2 avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 46 yaşlı Gəncə şəhər sakini Rüstəm Məmmədov xəsarət alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Lənkəranda da bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 66 yaşlı Ramiz İmaməliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili 27 yaşlı Elnur Əliyevin idarə etdiyi "Priora" markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən yoldan çıxan "Priora" səkinin yanındakı beton hasara çırpılıb.  “Mersedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şirvan şəhərində isə  avtomobil 63 yaşlı qadını vuraraq, xəstəxanalıq edib. Hadisə günorta saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini Nəsir Nəsirov idarə etdiyi “QAZ 24” markalı avtomobillə yolu keçən Bəhruzə Rəsulovanı vurub. Sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılan qadın baldır sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Bütün faktlarla bağlı cinayət işi açılıb.

Ruhəngiz Hacızadə