• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 11.01.2016 13:35

Göygöldə meşə təsərrüfatı işçisini qətli ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb

Göygöldə meşə təsərrüfatı işçisi qətlə yetirilib. Cinayəti 21 yaşlı Türkmənistan vətəndaşının törətdiyi məlum olub. Hadisəyə ilkin səbəb kimi tərəflər arasında qanunsuz ağac kəsmə ilə bağlı yaranan mübahisə göstərilir.

Yanvarın 10-u saat 14:00 radələrində Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə qanlı olay baş verib. Gəncə qəsəbə sakini 28 yaşlı Rəşad Əliyev çoxsaylı bıçaq zərbələrinə tuş gəlib. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Göygöl rayon polisinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətlin Türkmənistan vətəndaşı Şahsayit Sayfromov tərəfindən törədilməsi müəyyən edilib.

Vasif Süleymanov- Göygöl rayon prokurorunun köməkçisi: “Cinayəti törətməkdə şübhəli bilinən Sayfromov Şahsayt Saynazaroviç rayon polis şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1- ci maddəsi ilə cinayət işi başlanılıb”.

Qətlə yetirilən Rəşad Əliyev və onun atası Qəşəm uzun illərdir Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsində çalışırlar. Müəssisənin direktoru Aslan Vəliyevin sözlərinə görə, mərhum Rəşad Əliyev hadisədən bir neçə dəqiqə öncə ona zəng edib və qanunsuz ağac kəsmə ilə əlaqədər Şahsayit Sayframov adlı şəxslə aralarında mübahisə yarandığını bildirib.

Aslan Vəliyev- Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru: “Mənə zəng etdi ki, meşədə ağac kəsiblər, mən onun qarşısını almaq üçün ona yaxınlaşdım. O isə məni çox aqressiv qarşıladı və öldürməklə hədələdi. Mən ona dedim ki, telefonu ver, mən ona qanunu izah edim. O isə mənə dedi ki, bunu edə bilmirəm. Çünki bıçaqla üstümə gəlir. Belə olanda mən dedim ki, qaç canını qurtar. Bundan sonra telefon əlaqəsi kəsildi”. 

Faktla bağlı Göygöl rayon Prokuroluğunda istintaq tədbirləri davam etdirilir.

Natiq Hüseyn