Araq pulu üstündə ailəsində mütəmadi olaraq qalmaqal salan ər, sonda həyat yoldaşını qətlə yetirib. Hadisə Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydə alınıb. Ana övladlarının gözü qarşısında amansızlıqla öldürülüb.
Füzuli rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb. Ailə münaqişəsi zəminində kənd sakini 37 yaşlı Gəncəvi Sadıqov, həyat yoldaşı 31 yaşlı Vüsalə Əsədovanı övladlarının gözü qarşısında qətlə yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, Gəncəvi Sadıqov spirtli içki aludəçisi olub. O, daimə evdə yersiz münaqişələr törədib. Uşaqların bildirdiyinə görə, hadisə günü o, evə gələrək yoldaşından araq almaq üçün pul istəyib. Xəmir yoğurduğu üçün bir az gözləməsini deyən Vüsalə qəflətən həyat yoldaşının təzyiq və təhqirləri ilə üzləşib. Gəncəvi əlinə götürdüyü bıçaqla həyat yoldaşının boğazına zərbə endirib. Bıçaqla həyat yoldaşına xəsarət yetirən Gəncəvi evdən çıxaraq qaçıb. Yaralı qadının köməyinə isə qızı gəlib. Lakin, uşağın anasını qurtarmaq cəhdləri bir nəticə verməyib.
Qətli törətdikdən sonra kənddəki kafelərdən birinə gələn Gəncəvi pivə sifariş edib. Elə polislər də onu pivə içdiyi yerdə yaxalayıblar. Qeydə alınan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
Daşqın Abdullayev
- Baxış: 800