Bakıda 30, Abşeronda 20 yaşlı şəxsi bıçaqlayanlar axtarılır. Göygöldə isə oxşar cinayəti törədən artıq həbs olunub.
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə barədə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları aparılır.
Abşeron rayonunda da bıçaqlanma hadisəsi baş verib. Xırdalan şəhərində 20 yaşlı Bilal Məmmədov küçə ilə gedərkən tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq pul tələb edib. Bilal Məmmədov pul verməkdən imtina edəndə isə tərəflər arasında mübahisə düşüb. Bu zaman həmin şəxslərdən biri üzərində olan bıçaqla Bilal Məmmədova çoxsaylı zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üzərində 8 bıçaq zərbəsi müəyyən edilib. Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışları davam edir.
Göygöl rayonunda da oxşar cinayət törədilib. Hacıməlik qəsəbəsində rayon sakini Rövşən Məmmədov münaqişə zəminində həmyerlisi Rasim Abdiyevə bıçaqla xəsarət yetirib. Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rasim Məmmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb.
İlham Məmmədzadə
- Baxış: 530