Bu gün Bakının Nəsimi rayonunda qətl törədilib. Quldurluq məqsədilə evə daxil olan şəxslər 45 yaşlı qadını öldürərək hadisə yerini tərk ediblər.
Bu gün Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında mənzildə qadın meyiti tapılıb. İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin 45 yaşlı Məryəm Namədzadə olduğu müəyyənləşib. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub. O, dərhal qonşulara və polisə məlumat verib.
Nəsimi rayon polis idarəsi və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gəlbilər. Hadisə yerinə çağırılan kriminal ekspertlər mənzildən əl izləri götürüblər. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur zinət əşyaları mağazasının sahibi olub.
Paytaxtın Binəqədi rayonunda da qanlı hadisə törədilib. Belə ki, Binəqədi qəsəbəsi “DSK” yolundakı kafelərdən birinin qarşısında üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində öldürülən şəxsin 38 yaşlı Murad Hüseynov olması müəyyənləşib. İsti izlərlə keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 23 yaşlı İlqar Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İlqar Əhmədov Murad Hüseynovun dostu, 33 yaşlı Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilən Rövşən Ağayevin vəziyyəti ağır-stabil qiymətləndirilir.
Hər iki faktla bağlı prokurorluq orqanlarında cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Vəfa Şairova
- Baxış: 763