Təşkilat rəhbəri: "Məktəb yalnız bilik verən yer deyil, həm də gələcəyin şəxsiyyətlərinin yetişdirildiyi məkandır"
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi şagirdlərdə bərabərlik, məsuliyyət və kollektivə aidlik hissinin formalaşmasına, eləcə də təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsinə xidmət edir.Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Gəncə Dövlət Universitetinin baş müəllimi, Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədova Kəpəz FM-ə açıqlamasında məktəbli formasına riayət olunmasının əhəmiyyətini vurğulayıb:
Südabə Məmmədova - Gəncə Dövlət Universitetinin baş müəllimi: “Biz dünyəvi dövlətdə yaşayırıq. Məktəb elm, bilik, bərabərlik və müasir düşüncənin formalaşdığı müqəddəs bir məkandır. Qızlarımız isə bizim gələcəyimiz, cəmiyyətimizin inkişafı və tərəqqisinin əsas dayaqlarından biridir. Təbii ki, qızlarımızın savadlı, azad düşüncəli, özünəinamlı və müasir dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişməsi hər birimizin məsuliyyətidir.Gəlin məktəbimizin qaydalarına hörmətlə yanaşaq, qızlarımızın vahid məktəbli formasına riayət etməsinə dəstək olaq. Unutmayaq ki, məktəb yalnız bilik verən yer deyil, həm də gələcəyin şəxsiyyətlərinin yetişdirildiyi məkandır. Qızlar bizim gələcəyimizdir. Onlara savad, azad düşüncə və sağlam gələcək bəxş edək”.
- Baxış: 26
