31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib.Nəticədə 12 minə yaxın insan qətlə yetirilib, on minlərlə sakin itkin düşüb. Yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələrə ziyan vurulub.Beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.Tarixin acı səhifələri illər sonra da təkrarlanıb. 1993-cü ilin 31 martında Kəlbəcər rayonunun “Tunel” adlanan ərazisində baş verən faciə müharibənin ən ağır epizodlarından biri kimi xatırlanır. İşğal ərəfəsində rayon mühasirəyə düşdüyündən mülki əhali sərt qış şəraitində dağ yolları ilə ərazini tərk etməyə çalışıb. Lakin köç karvanları atəşə tutulub, nəticədə qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Sağ qalanlar isə ağır fiziki və mənəvi sarsıntılarla üzləşib. Hadisə mülki insanların hədəfə alınmasının acı nümunələrindən biri kimi tarixə düşüb. İşğal dövrü 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq sona çatıb. Kəlbəcər rayonu tam şəkildə 25 noyabr 2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarılıb.
- Baxış: 71
