İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir”
“Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Münasibətlərimiz ən yüksək – müttəfiqlik səviyyəsindədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. Dövlət başçısı Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və Mərkəzi Asiya regionu ilə əməkdaşlıq barədə danışarkən bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində formalaşmış vahid məkan yaradır: “Xəzər dənizi bizi ayırmır, əksinə, birləşdirir. O, xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir”. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. İlham Əliyev həmçinin, Prezident Şavkat Mirziyoyevlə şəxsi dostluq münasibətlərinin iki ölkə arasındakı əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb: “Özbəkistan Qarabağın bərpasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisini biz qardaşlıq jesti kimi qiymətləndiririk”. İlham Əliyev əlavə edib ki, iqtisadi, nəqliyyat, enerji və mədəni sahələrdə əməkdaşlıq uğurla genişlənir və yeni perspektivlər açılır. Dövlət başçısı iki ölkənin idman sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. “İki ölkənin birgə səyləri nəticəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir", - prezident deyib.
- Baxış: 91
