"Qarabağ" – "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" – "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat keçirib. Biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar. Onlar biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
- Baxış: 35
