Gəncədə növbədənkənar parlament seçkilərində seçicilər məntəqələrə gələrək istədikləri namizədə səs veriblər. Səsvermənin normal keçməsi üçün bütün lazımi şərait yaradıldığından hər-hansı problem qeydə alınmayıb.
Gəncədə növbədənkənar parlament seçkiləri ilə bağlı 4 dairə üzrə 159 məntəqə yaradılıb. Məntəqələrdən 14-ü Samux rayonunun, 12-si Goranboyun, 113-ü isə Gəncənin ərazisini əhatə edir. Dairələr üzrə ümumilikdə 208 708 seçiçi qeydiyyata alınıb. Məntəqələrin 42-də prosesi canlı izləmək üçün veb-kameralar quraşdırılıb.
Vüsalə Əliyeva- 41 saylı DSK-nın 12 saylı MnSK-nın sədri: “Ümumi seçki siyahımızda 1168 seçici sayımız var. Ən yaşlı seçicimizin 83 yaşı var. Gəldi, özü səs verdi”.
Vidadi Quliyev- 39 saylı DSK-nın 28 saylı MnSK-nın sədri: “28 saylı seçki məntəqəsi 1429 seçici siyahısı ilə təmin olunub. Seçicilərin ən yaşlısı 75 yaşlı, səs verib, gedib. 1 nəfərin evdə “daşınan qutu” ilə səsi təmin edilib. Kamera var burda, hər şey şəffafdır”.
Qeydiyyatda olan seçicilər səsvermənin gedişindən razı qaldıqlarını bildiriblər. Məntəqələrdə olan müşahidəçilərin və veb-kameraların şəffaflığın təmin olunmasında önəmini vurğulayıblar.
Tahir Əhmədov- seçici: “Bu gün seçkidə iştirak elədim. Hər şey çox şəffaf şəkildə təşkil olunub. Hər il də bu seçkilərdə iştirak edib, səs verirəm”.
Seçkilərdə yaşı 80-100 arası olan 3044 nəfər qeydiyyata alınıb. Onlardan biri - 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 12 saylı məntəqəsində ən yaşlı seçici Fərmayıl Əhmədovdur. 82 yaşlı seçici bütün seçikilərdə aktiv iştirak etdiyini və səsvermənin gedişindən razı qaldığını bildirib.
Seçkilərdə orta və yaşlı nəslin nümayəndələri ilə yanaşı ilk dəfə səsvermə hüququndan istifadə edən seçicilər də yer alıblar. Onlardan biri də bu gün 18 yaşı tamam olan Rəksanə Qafarovadır. O, 40 saylı Gəncə 3-cü seçki dairəsinin 30 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Məntəqə üzrə 1479 seçicidən biri olan gənc, ad günü münasibətilə də təbrik edilib.
Gəncədə həmçinin seçki məntəqələrinə müxtəlif səbəblərdən gələ bilməyənlərin ünvanına daşınan qutular aparılıb. Bununla da vətəndaşlar növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə ediblər. Onlardan biri 39 saylı Gəncə ikinci seçki dairəsinin 28 saylı məntəqəsində qeydiyyatda olan şəhid kapitan İnqilab Quliyevin atası 68 yaşlı Çingiz Quliyevdir.
Səhər saat 8-də start verilən səsvermə 11 saat davam edib. Axşam saat 7-də bütün seçki məntəqələrində səsverməyə yekun vurulub.
Növbədənkənar parlament seçkilərinin gedişində hər hansı neqativ hal müşahidə edilməyib. Bu barədə seçki dairələrindən məlumat verilib.
Aişə Rzayeva
- Baxış: 1456