Gəncədə ümumilikdə 208 708 nəfər səsvermə hüququna malikdir və seçiçilər yaşadıqları ünvana uyğun olaraq ərazi üzrə millət vəkili görmək istədiyi namizədə səs verəcək. 38 saylı Gəncə birinci seçki dairəsi üzrə 1-i qapalı olmaqla 39 məntəqədə 52 810 nəfər seçiçi qeydiyyata alınıb. Onlardan 714-ü ilk dəfə seçkilərdə iştirak edəcək. 80-100 yaşarası seçicilərin sayı isə 817 nəfərdir. 846 müşahidəçinin müraciətinin təsdiqləndiyi dairə üzrə 13 məntəqədə veb kamera, 26-da əlilliyi olan seçicilər üçün pandus quraşdırılıb.
39 saylı Gəncə ikinci seçki dairəsində 36 məntəqədə 50 189 nəfər arzuladığı namizədə səs verəcək. 18 yaşı tamam olan 448, 80-100 yaşarası səs verəcək vətəndaşların sayı isə 832-dir. Xəstəliklə əlaqədar 36 şəxs daşınan qutu üçün müraciət edib və 27 məntəqədə pandus keçidi yaradılıb. Bütün məntəqələr üzrə seçkiləri izləmək üçün 776 müşahidəçi qeydiyyata alınıb. Əksər seçki məntəqələri seçimlərə hazırlığını başa vurub.
Əliağa Səfərəliyev - 39 saylı Gəncə ikinci DSK-nın 7 saylı MnSK-nın sədri : Məntəqə üzrə 1471 seçicimiz var. Seçki ilə bağlı tam hazırlıq işləri görülüb. Bildirişlərin vətəndaşlara paylanması başa çatmaq üzrədir. Ümid edirik ki, 1 sentybra təyin olunan seçkilər çox şəffaf, demokratik qaydada həyata keçiriləcək. Əsas məqsəd seçicilərimiz seçki məntəqələrinə gəlməsi və seçki hüququnu yerinə yetirməsidir. Hər hansı bir narahatlığımız, problemimiz yoxdur. Ümid edirəm ki, həmin gün də seçki prosesimizi tam rahat, normal, şəffaf şəkildə başa çatdıra biləcəyik.
40 saylı Gəncə üçüncü seçki dairəsi 55084 nəfər seçiciylə ən çox səsvermə hüququna malik olan vətəndaşların qeydə alındığı dairədir. 4-ü qapalı olmaqla 42 məntəqəsi olan bu dairədə 23988 kişi, 27196 qadın seçici parlamentdə görmək istədiyi namizədə səsini verəcək. 40 saylı dairə üzrə 510 nəfər ilk dəfə səs verəcək ki, onlardan 5-nin doğum günü 1 sentyabra təsadüf edəcək. Məntəqələrdə bütün məlumatlandırıcı lövhələr vurulub, seçki üçün işlərin böyük hissəsi tamamlanıb.
Vüsal Həsənov - 40 saylı Gəncə üçüncü DSK-nın 8 saylı MnSK-nın sədri : Məntəqədə 8 nəfər namizəd qeydə alınmışdır. 1 sentybr növbədənkənar seçkilər həmin namizədlər arasında rəqabət olacaq. Məntəqəmizdə 1478 nəfər seçici qeydə alınıb. Hətta seçici siyahısı dəqiqləşdikdən sonra vəfat edən şəxslər müəyyənləşdirilərək seçici lövhəsində öz əksini tapıb. 2 nəfər olub, onlar da siyahıdan çıxarılıb. Hələ ki, məntəqəmizə daşınan qutu ilə bağlı müraciət edən yoxdur.
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində adından da göründüyü kimi 3 şəhər və rayonda yaşayan seçicilər qeydiyyata alınıb. Bu dairədə 50625 nəfər 21-i Gəncə, 14-ü Samux, 12-si isə Goranboyda olmaqla 47 məntəqədə səsvermə hüququndan istifadə edəcək. 780 müşahidəçinin müraciətinin təsdiqləndiyi 41 saylı dairədə məntəqələrdən 8-də veb kamera, 43-də pandus quraşdırılıb, 30 məntəqədən danışan qutu evlərə göndəriləcək. Bu dairədən 312 nəfərin ilk dəfə səs verəcəyi növbədənkənar parlament seçkilərində məntəqələr üzrə işlər yekunlaşmaq üzrədir.
Rahilə Tağıyeva - 41 saylı Gəncə-Samux-Goranboy DSK-nın 17 saylı MnSK-nın üzvü : Bizim 1392 seçicimiz var. Sevindirici haldır ki, bu seçkidə 4 nəfər ilk dəfə səs verəcək vətəndaşımız olacaq. Məntəqəmizdə hər cür şərait yaradılıb. Veb kameralarımız daim işlək vəziyyətdədir. Seçkiyə sayılı günlər qalıb. Artıq bildirişlərimiz tam hazırdır. Çalışacağıq ki, bu seçkilər tam şəffaf şəkildə keçsin. Seçki üçün hər bir şey demək olar ki hazırdır.
Məntəqələrinin sayının çox olmasıyla yanaşı 41 saylı dairəni fərqləndirən digər bir məqam 100 yaşdan yuxarı iki seçicinin qeydiyyata alınmasıdır. Onlardan Goranboyun Düzqışlaq kənd sakini 104 yaşlı Ayla Musayeva 43 saylı məntəqədə, eyni rayonun 106 yaşlı Faxralı kənd sakini Hava Qəhrəmanova isə 45 saylı məntəqədə uyğun bildikləri namizədə səslərini verəcəklər.
- Baxış: 432