Gündəlik tələbat malları sırasında yer alan yağlar növündən, marka adından asılı olaraq kq-ı 30 manata qədər alıcılara təklif edilir. Marketlərdə ötən aya qədər 1 kq-lıq kərə yağlarının qiyməti 15-20 manat arası dəyişirdisə, indi 25-30 manata kimi qalxıb. Bunu, alıcılar da təsdiq edir.
Qənirə Ələkbərova- alıcı: “Kərə yağlarında qabaqkına baxanda çox artım var. 18-ə olan 20 manat, 16-ya olan 18 manat olub. Fərqlər çoxdur. Hər şeyin qiymətində artım var”.
Türkan Rəcəbli- alıcı: “Azərbaycanın kərə yağıdır. Mən 170 qramlığı əvvəl alırdım 2.99- a, indi alıram 3.40-a. İndi bahalıq çoxdur. Tək kərə yağında yox, hər şeydə var. O da yəqin ki, bütün dünyada vəziyyət belədir”.
Mətanət Hacıyeva- alıcı: “Hardasa 15-20 gün əvvəl almışdım. Bir də o gün aldım. 3 manat artım var idi yağda. Sonuncu dəfə 18 manata almışdım. Amma indi 21-ə aldım”.
Ailə büdcəsinə təsirsiz ötüşməyən bu hal alıcılıq qabiliyyətinə təsir göstərməklə satışı azaldıb. Satıcılar qiymət artımının topdansatışda baş verdiyini deyirlər.
Kübra Məhərrəmova- satıcı: “Son 2 həftədir kərə yağlarının qiymətində artım müşahidə olunur. Yerli məhsul ilə xarici məhsul arasında fərq var. Yerli məhsuldakı qiymətlər stabildir. Amma xarici məhsullar olan kərə yağlarının qiymətlərində fərq var. Məsələn, əvvəl 17-18 manata gəlirdisə, indi gəlir 22-23 manat arası qiymətə. O da firmanın bizə baha qiymətə gətirməsi ilə əlaqədardır. Məcburiyyətdən biz də o qiymətə satırıq. Duru yağlarda isə qiymət stabildir”.
İqtisadçı ekspert Məsim Abadov deyir ki, ölkəmizdə yerli istehsalın az olması xammal təminatının idxaldan böyük dərəcədə asılılığını yaradıb. Ona görə də satışda olan kərə yağların əksəriyyəti məhz xarici məhsullardır. Onların qiymətini isə dünya bazarı müəyyənləşdirir.
Məsim Abadov- iqtisadçı: “Bugünkü istehsalı artırmaq 1- 2 aylıq söhbət deyil. Bunun üçün ona müəyyən il lazımdır ki, onun zəmini hazırlansın, istehsala qoyulsun və emal olunsun. Amma ən əsas qiymət artımının qarşısını alan sabitlikdir. Dünyada nə qədər gərginlik, müharibə ocaqları olacaqsa, bir o qədər qiymət artımına meyllilik yaranacaq. Yaxın müddətdə qiymət enməsi gözlənilmir. Bu, artıma doğru gedəcək ki, azalmayacaq”.
Yaranan vəziyyət yerli istehsalın həcmini artırmaq kimi amilin əhəmiyyətini qabardır. Artan qiymətlər isə alıcıları yerli məhsul almağa sövq edəcək. Bu isə yerli istehsalın satış həcminin artırılmasına və yerli məhsullara tələbatın yüksəlməsinə gətirib çıxarar.
- Baxış: 294