• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 06.08.2024 19:06

“KOB FEST” sərgi-satış yarmarkası keçirilir

KepezTV Player

Yarmarkanın açılış mərasimində çıxış edənlər, festivalın KOB-ların satış imkanlarının genişləndirilməsi və yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər. Sərgi-satış yarmarkasında Gəncə, eləcə də ətraf şəhər və rayonlardan olan 60-dan çox KOB subyekti iştirak edib.

Diləzbər Hüseynzadə- iştirakçı: “Azərbaycanda ebru sənətini düzgün yaymaq üçün fəaliyyət göstərirəm və hal-hazırda Gəncə “KOB FEST”dəyik. Ebru sənətini həm insanlara tanıdırıq, həm də satış edirik ki, yarmarkaya gələn insanlar bizim məhsullarımızdan əldə etsinlər. Ötən ay Şəki “KOB FEST”də iştirak elədik. Orada da insanlar maraqla qarşıladılar”.

Mahsun Nuriyev- iştirakçı: “8-ci ildir ki, meyvə şirkəti, meyvə bağı olaraq fəaliyyət göstəririk. Bu fəaliyyətimizdə KOB-un bizə böyük dəstəyi olub. Ona görə onlara təşəkkür edirik. Artıq 5-ci dəfədir belə yarmarkalarda iştirak edirik. Burada həm satış edirik, həm də meyvəmizi nümayiş etdiririk”.

“KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Sərgi-satış yarmarkası avqustun 8-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Natiq Heydərov- Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin departament müdiri: “KOBİA tərəfindən KOB-ların bazaralara çıxışının dəstəklənməsi və onların sərgilərdə iştirakının dəstəklənməsi istiqamətində müxtəlif dəstək mexanizmləri var. Bu mexanizmlərdən biri də “KOB FEST” sərgi-satış yarmarkasıdır. Gördüyünüz kimi bugünkü sərgi-satış yarmarkası Gəncədə keçirilir. Məlumat üçün söyləyim ki,  2022-ci ildən həyata keçirilir və mikro və kiçik sahibkarlar tərəfindən rəğbətlə qarşılandığı üçün bu “KOB FEST” davam etdirilir. Və davamlı olaraq digər regionlarda- Masallı, sonra Xaçmaz, sonra Zaqatalada da keçirilməsi nəzərdə tutulur”.

Gəncədən əvvəl “KOB FEST” Bakı, Göygöl və Şəkidə keçirilib. Bu yarmarkalarda ümumilikdə 180-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin üç gün ərzində satışına dəstək göstərilib.