• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 22.07.2024 18:44

Aktiv bizneslə məşğul olanlara əlavə dəstək

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində keçirilmiş “Həvəsləndirmə Mükafatları” müsabiqəsi artıq yekunlaşıb. Pilot olaraq ilk dəfə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə keçirilən layihə çərçivəsində seçilmiş 10 nəfərə əlavə dəstək göstərilib.

Dövlət məşğulluq agentliyi tərəfindən həyata keçirilən önəmli məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. Bu proqramın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqlar həyata keçirilir ki, onlardan biri də “Məşğulluğa dəstək layihəsi”dir. Layihə aktiv biznes fəaliyyəti ilə seçilən, vergi və digər müvafiq ödənişləri ödəyən şəxslərin seçilərək onlara bizneslərini genişləndirmək üçün əlavə dəstək göstərilməsi məqsədi daşıyır.

Əsmər Nəcməddinqızı- Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi: “Cari ildə pilot layihə olaraq bu, Gəncə şəhərində icra edildi. Və son bir ildə faəliyyətdə olan vergi ödəyicisi olan və heç bir vergi borcu və öhdəlikləri olmayan, tərtib olunan birinci il biznes-planını uğurla yekunlaşdıran və faəliyyətində onun inkişaf etdirilməsi üçün əlavə dəstəyə ehtiyacı olan və digər bu kimi meyarlar əsasında seçilmiş 10 nəfərə həvəsləndirmə mükafatları təqdim edildi. Yəni ki, bu şəxslərə hansı istiqamət üzrə ki, avadanlıqlar təqdim olunmuşdusa onu daha da inkişaf etdirmək üçün bu şəxslərə əlavə natura şəklində avadanlıqların verilməsi təmin edilib”.

İştirakçılara biznes-planlarının hazırlanmasında KOBİA tərəfindən dəstək göstərilib. Qalib olanlara layihə üzrə qurduqları kiçik bizneslərini genişləndirmək üçün artıq əlavə avadanlıqlar təqdim edilib. Eyni zamanda bu şəxslər üçün təlimlər də keçirilib.

Eşqin Məsruri- dərzi: “Mən 11 ildir bu sahədəyəm. Sənəti atamdan öyrənmişəm. Əvvəllər bizdə müəyyən avadanlıqlar olmadığından sənəti təkmilləşdirə, işimizi genişləndirə bilmirdik. Sonra məşğulluğa müraciət etdim. Mənə müəyyən avadanlıqlar verildi. Təşəkkür edirəm, hər birinə. Sonra işim bəyənildi. Mənə mükafat olaraq yenidən avadanlıqlar verdilər. Bu da mənim işimin təkmilləşməsində böyük rol oynayır, işimizi daha da tezləşdirir. Artıq yeni stillərə uyğun olaraq işləyirik”.

Ruslan Abdullayev- ayaqqabı istehsalçısı: “20 ildən artıqdır ayaqqabı təmiri və istehsalı ilə məşğul oluram. Sənətimi və işimi davam etdirməkdən ötrü məşğulluq agentliyinə müraciət etmişəm. Avadanlıq inkişaf edir, təzələnir. Məndə isə hamısı köhnəlmişdi. 2020-ci ildə müraciət eləmişdim. Mənə aid olan bütün paketi verdilər. Sonra gördülər ki, mən bu işi davam etdirirəm, mənə dəstək kimi pilot layihəyə seçdilər. Mənə təlim keçdilər və əlavə avadanlıqla təmin etdilər. Bu avadanlığı alandan sonra işim sürətli oldu. Həm də bacarmadığım işi bunlar sayəsində görə bilirəm”.

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara həvəsləndirmə mükafatlarının verilməsi müsabiqəsinin bütün ölkə boyu keçirilməsi planlaşdırılır. Müsabiqə bu ilin payızında yenidən elan olunacaq.

Aişə Rzayeva