• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 19.07.2024 19:10

İctimai nəqliyyatın şəraiti gedişhaqqı ilə ayaqlaşırmı?

KepezTV Player

Artıq bir müddətdir şəhərdaxili avtobuslarda gedişhaqqı bahalaşıb. Elə bəzi taksilərdə də qiymət artımının müşahidə edildiyini deyənlər var. Qiymət artımı xidmət keyfiyyətinin yüksəldilməsilə əlaqələndirildiyindən, bunu sərnişinlərin necə hiss etdikləri ilə maraqlandıq. 

Gəncədə 8 daşıyıcı şirkət fəaliyyət göstərir ki, onlar da avtobusları 32 marşrut xətti üzrə buraxırlar. Bu isə gün ərzində 250-yə yaxın avtobusun sərnişinlərə xidmət etməsi deməkdir. Amma xidmətin qiymətlə necə ayaqlaşdığını demək elə də asan deyil. Ələlxüsus da gedişhaqqının 50 qəpik olmasının keyfiyyətdə necə biruzə verdiyini sərnişinlərin özündən öyrənək. 

Güldərən Bağırova- şəhər sakini: “İstəyərik ki, artım varsa, xidmət də yaxşı olsun. Komfortlu olsa daha yaxşı olar. İsti havadır, sıxlıqdır, tozludur, nəfəs almaq olmur”.

Şəhər sakini: “Pəncərələr açılmır, nəfəs almaq olmur. Basa-bas olur, adam gedib-gəlməyə çətinlik çəkir. Düzəldib keyfiyyətli etsələr, daha yaxşı olar”.

Bulqar Cəlilova- şəhər sakini: “Avtobuslar təzə olmalıdır. Oturacaqlar pis vəziyyətdədir, bərbaddır. Havalandırma yoxdur, sərnişin çox minəndə sıxlıqdan adamın ürəyi sıxılır - xəstə adam dözə bilmir”.

Görünən odur ki, dəyişən sadəcə gedişhaqqıdır. Sərnişinlərə xidmətin səviyyəsi və vəziyyəti “köhnə hamam, köhnə tas” məsəlini xatırladır.

Cavid Nəbiyev- şəhər sakini: “Köhnədir, təmirsizdir, kondisioneri yoxdur. Aynadan çölə baxmaq olmur. Çirklidir, boyalıdır. 30 qəpik olanda da eyni avtobus, 40-da da, 50-də də. Qalxa-qalxa gedəcək belə də. Amma avtobuslarda dəyişiklik yoxdur, heç olmasa bir dəyişiklik olsun. İnsanlar rahat olmaq istəyir”.

Fikrini öyrəndiyimiz sürcülər də elə sərnişinlərlə həmrəylik nümayiş etdirdilər. Dedilər ki, avtobusların vəziyyəti göz qabağındadır, nə vaxt yenilənəcəyini demək qeyri-mümkündür. 

Sürücü: “Deyiblər yenilənəcək, amma hələ heç nə yoxdur. - Nə vaxta söz veriblər? - Deyirlər, yeni ilə kimi təzələyərik. Biz də istəyərik işimiz yaxşı olsun, müştərilər razı olsun”.

Azər Məmmədov- sürücü: “Deyiblər yenilər yanvarın axırına kimi olmalıdır, amma bilmirik. Şikayətlər maşının balaca olmasına görədir”.

Ramiz Nəbiyev- sürücü: “Təzə gələnlər ancaq 4 nömrəyə buraxılıb. Onlar ayrı qarajdır, biz ayrı. Heç bu qiymət artımının bizə də elə bir təsiri yoxdur. Camaatla biz təmasdayıq. Bizim üzümüzə söz deyirlər. Biz nə edək?!”

Benzinin qiymətində baş verən qiymət artımının taksilərdə də gedişhaqqına təsirini öyrəndik. Avtobuslardan fərqli olaraq nə sərnişinlər, nə də sürücülər getdikləri yola görə əlavənin olmadığını bildirdilər.

Şəhər sakini:  “Taksidən tez-tez istifadə edirəm. Elə bir qiymət fərqi eləmir. Amma marşrutlar qiymətləri artırıb.

Şəhər sakini:  “Qiymətlərdə artım yoxdur. Əvvəl evimizdən bura 2,50 qəpiyə gəlirdim. İndi də elədir”.

Şəhər sakini:  “Həmişə istifadə edirəm. Taksilərdə artım yoxdur”.

Mövzu ilə əlaqədar AYNA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Bizə verilən cavab sərnişindaşıma baxımından ümidverici oldu.

Tural Orucov- AYNA-nın mətbuat katibi: “AYNA tərəfindən Gəncə şəhərdaxili, şəhərlərarası, rayondaxili və rayonlararası marşrut xətlərində sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılarla görüşlər keçirilib, nəqliyyat vasitələrinin yenilənməsi barədə göstərişlər verilib. Belə ki, bu ilin fevral ayında Gəncə şəhərdaxili 4 saylı marşrut xəttinə 18 müasir nəqliyyat vasitəsi gətirilib və bu proses davamlı olaraq digər marşrut xətlərində də həyata keçiriləcək. Bununla yanaşı Gəncə şəhərdaxili marşrut xətlərinin mərhələli şəkildə yenilənməsi və optimallaşdırılması gözlənilir”.

Prosesin mərhələli şəkildə aparılması müxtəlif amillərlə bağlı olsa da, sərnişin bunun tez bir zamanda reallaşmasını istəyir. Mənzilbaşına rahat və təhlükəsiz çatmağı arzulayır. Gəncədə sərnişindaşımadakı hazırkı vəziyyət isə nə sərnişinlərin ürəyincədir, nə də şəhərin imicinə müsbət təsir göstərir. Odur ki, gözləməkdən başqa çarə yoxdur. 

Aişə Rzayeva