• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1107
— 19.07.2024 19:02

Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunublar

KepezTV Player

Birinci Qarabağ müharibəsində iştirak edən oğlu Fəqan Vəliyevdən xəbər almaq məqsədilə döyüş əməliyyatları gedən əraziyə yollanan İbrahim Vəliyevin qalıqları 32 il sonra tapılıb. 1993-cü ildə Füzulinin Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində naməlum şəraitdə itkin düşən şəxsin meyitinin qalıqları Ağdamın Əfətli kənd qəbirstanlığında aşkarlanıb və şəxsiyyəti müəyyən olunub. Şəhid anadan olduğu İmişli rayonunda torpağa tapşırılıb. 

Fəqan Vəliyev- şəhidin oğlu: “Mən 1993-cü ildə Qarabağa, Füzuli zonasına getdim. Orada da mənim yanıma gəlmişdi. Arxamca gələndə orda mühasirəyə düşüb. Sonra da bildik ki, itkin düşüb, gəlməyib. Nə qədər axtardıq, mümkün olmadı. Pasportunu Füzulidən İcradan verdilər ki, pasportu tapılıb.

Gülzə Əliyeva- şəhidin qızı: “Biz çox gedib-gəldik, imkan olmadı. 32 ildir yolunu gözləyirdik, 2 il də orada əsir qalıb. Oradan gəlib, düşüb minaya, Ağdamın kəndində, orada rəhmətə gedib. Deyirlər, bir çoban onu basdırıb. İndi də biz hər yerə neçə dəfə demişik ki, atamız tapılsın, gəlsin, gözümüz yığılsın. İndi də, Allaha şükür, pis olsaq da, şükür də edirik ki, atamızın qəbri gəlib öz vətəninə, öz torpağımızda dəfn edirik”.

Birinci Qarabağ müharibəsində əsir götürülən və öldürülən, 33 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Rəhim Rəsulovun qalıqları ailəsinə təhvil verilib. Şəhid 1991-ci ildə könüllü hərbi xidmətə gedib. Kərkicahan qəsəbəsi istiqamətində gedən döyüşlərdə əsir düşüb. Xankəndidə saxlanılıb və orada öldürülüb. Onun nəşinin qalıqlarının Yevlaxda Şəhidlər xiyabanında dəfn edildiyi məlum olub və kimliyi müəyyən edilib. Şəhid Rəhim Rəsulovun qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşən Bəxtiyar Hümbətovun nəşi də anadan olduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Vüsalə Cənnətova