• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 18.07.2024 19:37

Azərbaycan Prezidenti Böyük Britaniyada işgüzar səfərdədir

KepezTV Player

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak üçün İngiltərədə işgüzar səfərdədir. Prezident Oksforddakı Blenheim sarayına gəlib. Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.

Prezident İlham Əliyev Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb. Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulanıb. Lüksemburqun Baş naziri bu tədbirdə iştirak niyyətində olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin İsveçrə Prezidenti Viola Amher ilə söhbət zamanı İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub. Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanla ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələləri müzakirə edib. Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün Şuşaya səfəri, keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib.

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bunu Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. “2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, cari ildə bu göstərici 25 milyard kubmetr təşkil edəcək”, - deyə Prezident qeyd edib. 

Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə də görüşüb. Litva Prezidenti Bakıda COP29 çərçivəsində də dövlətimizin başçısı ilə görüşəcəklərini vurğulayıb. Regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparılıb. Böyük Britaniya tərəfinin Münhen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulanıb.

Bundan başqa, dövlət başçısı Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb. Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunulub. Dövlətimizin başçısı sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğulayıb. Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirilib, bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edilib.

Azərbaycan Prezidenti Çexiyanın Baş naziri Petr Fiala ilə də görüşüb. Görüşdə Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının Çexiyaya ixracı üçün yaxşı imkanların olduğu da qeyd edilib.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında olub. Dövlətimizin başçısı Oksfordda Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə də iştirak edib.

Vüsalə Cənnətova