• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 10.07.2024 19:02

130 ilə yaxın yaşı olan alman tikilisi

KepezTV Player

19-cu əsrdə alman ailələri ölkəmizin qərb regionunda bir çox ərazilərdə məskunlaşaraq ayrı-ayrı fəaliyyət sahələri ilə məşğul olublar. Üzümçülük və şərabçılıq bu mənada üstünlük təşkil edib. Şərabın istehsalı, eləcə də saxlanması üçün onlar bir sıra şəhər və rayonlarda istehsal və saxlama yerləri yaradıblar ki, bunlardan bəziləri günümüzədək gəlib çatıb. Məşhur alman qardaşları tərəfindən Samuxda inşa edilən və 130-a yaxın yaşı olan şərab zavodu da bu nadir tikililərdəndir.

Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən şərab zavodu ötən əsrdə böyük həcmdə şərab istehsal edən məkanlardan olub. Bu obyektin ən cəlbedici hissəsi zirzəmisidir. Özünəməxsus memarlıq üslubunda inşa edilən yeraltı anbarın sahəsi 2000 kv metrdən artıqdır. 9 hissədən ibarət olan saxlanc zallarının ən uzunu 150, ən qısası isə 10 metrdir. Hündür və geniş otaqlardan ibarət olan zirzəminin tikintisində qırmızı kərpicdən və çay daşlarından istifadə olunub.

Ramiz Məmmədov- şərab zavodunun nümayəndəsi: “Forer qardaşları tərəfindən Qarayeridə hektarlarla bağlar salınıb. Bu zavodun da tikintisi 1896-cı ildə başa çatıb. Əsasən çaxır istehsalı üçün, çaxırın anbar kimi saxlanılması üçün çox əlverişli, səssiz yerdir, sərin olduğu üçün Forer qardaşları buranı tikiblər”.

Şərab zavodunda suyun axıdılması üçün alman memarlığına xas olan kommunal xətlər də çəkilib ki, bəzi yerlərdə hətta ağır çəlləklərin daşınması üçün həmin xətlər üzərində relslər də quraşdırılıb. Ən diqqətçəkən məqam isə zirzəmidə xüsusi havalandırma sisteminin yaradılmasıdır.

Özünəməxsus memarlıq üslubunda inşa edilən şərab zavodunun zirzəmisində havalandırma sistemi xüsusi olaraq qurulub ki, bu da il ərazində burada havanın 14-15 dərəcə arasında olmasına şərait yaradır. Hazırda açıq havada temperatur 34-35 dərəcə olsa da, dayandığımız yerdə temperatur 15 dərəcəyə bərabərdir.

Əvvəllər zirzəminin bütün hissələrində palıd çəlləklər olub. Ancaq zamanla onların demək olar ki, hamısı çürüyərək yararsız hala düşüb. Zirzəmi fəaliyyətə başlayandan dövrümüzədək isə alman yadigarı çox az sayda əşya qalıb.

19-cu əsrin sonundan bu günədək şərab zavodunun zirzəmisində qalan yeganə çənin qarşısındayıq. Bu çən 600 litrdən çox şərab tutumuna malikdir.

Sovet dönəmində də bölgədə şərab istehsal edən ən böyük obyektlərdən olan zavodun zirzəmisindəki çənlərdə çoxillik çaxır və konyaklar hələ də mövcuddur. Hətta 50 il öncə istehsal edilən şərablar bu gün də öz təravəti və dadı ilə seçilir.

Nəzirə Qarayeva- şərab zavodunun laborantı: “Bütün şərabçılar bilir ki, şərab və şərab məhsulları dəyişməyən temperaturda səssiz yerdə qalanda tam xüsusiyyətini saxlayır. Çoxillik şərablarımız çox əladır. 1971-ci ilin şərablarıdır, konyak da həmin ildə istehsal olunub. Heç biri təravətini itirmədən, yaxşı vəziyyətdə qalıblar”.

Zavodda hazırda da şərab istehsalı davam edir. İl ərzində 100 tona yaxın məhsuldan əsasən qırmızı çaxır hazırlanır. Şərab zavodunu, ən əsas da zirzəmiləri turizmə qazandırmaq mümkündür. Aidiyyatı dövlət qurumları tərəfindən bura baxış keçirilib və yaxın gələcəkdə tikilinin müasir şəkildə qurularaq bölgəyə gələn turistlərə maraqlı və qədim tarixi abidə kimi təqdim olunması planlaşdırılır.

Orxan Cəfərzadə