• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 08.07.2024 18:11

Sükan arxasına keçən qadınlar

KepezTV Player

Son zamanlar şəhər ərazisində avtomobil idarə edən xanım sürücülərin sayında artım müşahidə olunur. Demək olar ki, artıq hər 10 nəfərdən 2-si xanımdır. Zərif cinsin nümayəndələri də sükan arxasına keçməzdən öncə təlimlərdə iştirak edirlər, bilmələri vacib bacarıqlara yiyələnirlər. Düzdür, əks cinsin əksər nümayəndələri tərəfindən yollarda qadınların sürücülük imkanları yüksək dəyər almasa da sürcülük qabiliyyətinə əmin olan zərif cinslilər də az deyil. 

Avtomobil idarə etmək yüksək diqqət və məsuliyyət tələb edir. Çünki mənzil başına salamat çatmaq üçün sürücü səriştəli olmalıdır. Amma əks cinsin nümayəndələri qadınların bu sahədə peşəkar olmadıqlarını, maşını düzgün idarə etmədiklərini iddia edirlər. Bəs doğrudanmı qadınlara sükanı etibar etmək olmaz?

İlqar Əliyev- sürücü: “Düz yolla getdiyin yerdə az qalırlar üstünə çəkib, səni kənara sıxalar. Təcrübə deyilən bir şey yoxdur. Çox zəifdirlər. Qabiliyyətli sürücülər var. Amma əksəriyyəti naşı sürür. Sağla-solla gedənlərə diqqət eləmirlər. Elə hökmən deyir ki, yol ver, keçim”.

Rəşad Tağıyev- sürücü: “Bəzi məqamlar olur ki, orda sırf sürücü təcrübəliliyindən asılıdır. Elə manevrlər lazmdır ki, orada yol boşalsın. Daha tez hərəkət etmək lazımdır. Tıxaclarda, dönmələrdə olur bu hal”.

Nəbi Hümbətov- sürücü: “Elə qadınlar var kişilərdən yaxşı sürür. Eləsi də var sürə bilmir -xamdır. Ən azından yol nişanlarını bilməlidir. Yola hakim olmalıdır. Yoxsa dairəni tanımır. Nişanı görüb, zorla dairəyə girir”.

Cavablardan da aydın olduğu kimi əksər kişi sürüclər avtomobil idarə edən qadınlardan gileylənirlər. Peşəkarlar isə deyir ki, sürücünü cins kateqoriyasına görə ayırmaq olmaz. Çünki elə qadınlar var ki, həm yol nişanlarını bəzi kişilərdən yaxşı tanıyırlar, həm də avtomobili daha yaxşı idarə edirlər.

Ulduz Məmmədova- təlimçi: “Sürücülük stajım 25 ildir. Amma təlimçi kimi 10 ildir məşğul oluram. Ən çox xanımlarla işləyirəm. Xanımlardan ürəklisini də görürük, qorxağını da görürük. Amma xanımlardan yaxşı sürənlər var, diqqətli olanlar var. Yollarda qaydaları hər iki cinsin nümayəndələri də pozur. Mən onu deyə bilmərəm ki, xanımlar daha çox edir. Amma məncə xanımlar daha ehtiyatlıdırlar. Bəylərdə risk daha çoxdur”.

Təlimçi Ulduz Məmmədovanın xanımları daha ehtiyatlı hesab etməsi əbəs yerə deyil. Çünki xanımların bu işi peşəkarlardan öyrənmələri danılmaz faktdır.

Arzu Həmzəyeva- şəhər sakini: “Maşın sürməyə həvəsim var idi. Amma evdəkilərin öyrətməyini istəmirdim. Daha peşəkar, bilən insandan öyrənmək istəyirdim. Hazırda da mən təlim dəsrlərinə gəlirəm. 5- ci dərsimdir. Və şəhərdə də rahat şəkildə qaydaları başa sala- sala sürürük. Maşın sürməyi hamı edə bilər, amma əsas qaydalar və nişanları bilməkdir. Bunun üçün də bu işi bilən adamlara etibar etmək daha düzgündür”.

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polisi şöbəsindən verilən məlumata görə, şəhər ərazisində baş verən qəzaların 70 faizi kişilər, 30 faizi isə qadınlar tərəfindən törədilir. Təbii ki, bu rəqəm sükan arxasında əyləşən bütün sürücülər arasından müəyyən olunan bir saydır. Qadın, ya kişi fərq etməz. Sükana hakim olmaq lazımdır. Əks təqdirdə yaşananlardan hamımız uzaq olaq...

Aişə Rzayeva